XALQ ŞAİRİ VAQİF SƏMƏDOĞLU AZƏRBAYCAN ƏDƏBİYYATINDA YENİ SƏHİFƏ AÇMIŞDIR
Bakı, 8 iyun (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyində (AYB) xalq şairi Vaqif Səmədoğlunun 70 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
AYB-in sədri, xalq yazıçısı Anar, Milli Məclisin deputatları Asim Mollazadə, Elmira Axundova, Cəmil Həsənli, xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı və digər nümayəndələr yubilyara diplom və hədiyyələr təqdim etmişlər.
Şairin həyat və yaradıcılığından danışan qələm dostları bildirmişlər ki, 1939-cu ildə Bakıda anadan olmuş və 40 ildən artıq yaradıcılıqla məşğul olan yubilyarın əsərləri bir çox xarici dilə tərcümə edilmiş, kitabları MDB ölkələrində, Türkiyə, İran və s. xalqların dilində nəşr olunmuşdur.
Özbəkistandan gəlmiş şair-tərcüməçi Akif Azalp Azərbaycanın görkəmli şairləri N.Gəncəvi, S.Vurğun, R.Rza və başqaları ilə yanaşı, V. Səmədoğlunun şeirlərinin də ölkəsində sevilə-sevilə oxunduğunu bildirmişdir.
Şair Ramiz Rövşən, tənqidçi Vaqif Yusifli, yazıçılar Natiq Rəsulzadə, İntiqam Qasımzadə və başqaları V.Səmədoğlunun şerimizə yeni poetik təfəkkür gətirdiyini, onun şeirlərində Azərbaycan insanının bəşəri “yük daşıyıcısı” kimi “qlobal status” qazandığını söyləmişlər. Vurğulanmışdır ki, yubilyar “Yoldan teleqram”, “Mən burdayam, ilahi”, “Uzaq yaşıl ada” kitabları, “Bəxt üzüyü”, “Yaşıl eynəkli adam” kimi tamaşa və kinofilmə yazdığı ssenariləri ilə ümumxalq məhəbbəti qazanmışdır. Yaradıcılığı daim yüksək qiymətləndirilən V.Səmədoğlu əməkdar incəsənət xadimi, xalq şairi, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunmuşdur.
######
