XALQ YAZIÇISI ÇİNGİZ ABDULLAYEV DÜNYA DETEKTİV ƏDƏBİYYATINDA YENİ JANRIN ƏSASINI QOYMUŞDUR
Bakı, 14 aprel (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyində (AYB), xalq yazıçısı Çingiz Abdullayevin 50 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
AYB-in sədri, xalq yazıçısı Anar, Milli Məclisin deputatı Elmira Axundova, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Özbəkistanın, Belarusun, Qazaxıstanın və Rusiyanın səfirləri və digər nümayəndələr yubilyara diplom və hədiyyələr təqdim etmişlər.
Dünya şöhrətli yazıçının həyat və yaradıcılığından danışan qələm dostları bildirmişlər ki, 1959-cu ildə Bakıda anadan olmuş və 20 ildir yaradıcılıqla məşğul olan yubilyarın əsərləri 20-dən çox xarici dilə tərcümə edilmişdir. Kitabları isə 27 dövlətdə, o cümlədən MDB ölkələrində, ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan və İsraildə ümumilikdə 24 milyon nüsxə tirajla nəşr edilmişdir.
Xüsusi vurğulanmışdır ki, Ç.Abdullayev “Mavi mələklər” romanını yazmaqla dünya detektiv ədəbiyyatında yeni, “qlobal siyasi detektiv” janrının əsasını qoyaraq şöhrət qazanmışdır. Onun “Cəhənnəmdən keçid”, “Geri dönməmək”, “Öz dünyanı yarat”, “İnanılmaz qətl”, “Atlantika üzərində ölüm”, “Xammurapinin məcəlləsi”, “Unudulmuş yuxu”, “Yalnız özününkülər”, “Professionalların oyunları”, “Günəş altında zülmət”, “Döyüşçünün yolu”, “Məhkumların cənnəti”, “Eramızın əvvəlindəki sui-qəsd” və digər romanları sevilərək oxunur.
Bildirilmişdir ki, Azərbaycan dövləti tərəfindən yaradıcılığı daim yüksək dəyərləndirilən Ç.Abdullayev əməkdar incəsənət xadimi, xalq yazıçısı fəxri adlarına layiq görülmüş, ölkəmizin Prezidentinin Sərəncamı ilə “Şöhrət“ ordeni ilə təltif edilmişdir.
Yubilyar mərasim iştirakçılarına təşəkkür etmiş, hazırda “Cənub şəhərində festival” əsərinin çapa hazırlandığını bildirmişdir.
######
