XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEVİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı, 26 may (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda xalq yazıçısı İlyas Əfəndiyevin 95 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AYB-nin sədri, xalq yazıçısı Anar, AYB-nin katibi, xalq şairi Fikrət Qoca, Milli Məclisin deputatı Elmira Axundova, xalq artisti Amaliya Pənahova, qocaman şairlər Fikrət Sadıq, Oqtay Rza və başqaları İlyas Əfəndiyevin həyat və yaradıcılığından, həyatsevərliyindən, xarakterinin təbiiliyindən söhbət açmışlar.
Bildirilmişdir ki, ədəbiyyata “Kənddən məktublar” adlı ilk kitabı ilə gələn İlyas Əfəndiyev Böyük Vətən müharibəsi illərində “İntizar” pyesini qələmə almışdır. Bu əsər ilk dəfə 1944-cü ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının səhnəsində göstərilmişdir. Bundan sonra dramaturqun bir-birinin ardınca “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi” milli teatrımızın səhnəsində tamaşaya qoyulmuşdur. İ. Əfəndiyev 1958-ci ildə ilk dəfə iri həcmli “Söyüdlü arx” romanını oxuculara təqdim etmişdir. “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” kimi povest və romanları ona ümumxalq şöhrəti qazandırmışdır.
Publisist və ədəbiyyatşünas kimi məhsuldar yaradıcılıq yolu keçən İlyas Əfəndiyev “Sən həmişə mənimləsən” pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloji dramın əsasını qoymuş, daha sonra bir-birinin ardınca “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Bağlardan gələn səs” və s. pyeslərini yazmışdır.
Ölməz sənət nümunələri kimi Azərbaycan dramaturgiyası xəzinəsini zənginləşdirən, yüksək vətəndaşlıq pafosu, incə lirizm və dərin psixoloji tapıntılarla aşılanan bu pyeslər teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı” yaratmışdır.
Hələ sağlığında ədibin 6 cildlik “Seçilmiş əsərləri” nəfis şəkildə 40 min tirajla çap edilmişdir.
Ədəbiyyat sahəsindəki xidmətləri nəzərə alınaraq ona Lenin ordeni, xalq yazıçısı fəxri adı verilmiş, “Şöhrət” ordeni və s. ilə mükafatlandırılmışdır.
1990-cı ildə Azərbaycan Milli Dram Teatrı öz tarixində ilk dəfə olaraq xarici ölkəyə - Türkiyəyə qastrol səfərinə çıxmış və İ. Əfəndiyevin “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” əsərlərinin tamaşasını göstərmişdir. Böyük uğurla qarşılanan bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla sanballı məqalələr vermişdir.
Sonradan İ.Əfəndiyevin “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsi, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı”, “Şeyx Xiyabani”, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar”, “Hökmdar və qızı” və s. pyesləri tamaşaya qoyulmuş, bir sıra yeni kitabları nəşr olunmuşdur.
Bildirilmişdir ki, o, həm də bacarıqlı tərcüməçi idi. L.N.Tolstoyun “Hacı Murad” və “Uşaq hekayələri”, M.Qorkinin “Günəşin övladları”, A.Çakovskinin “Mühasirə”, R.Kiplinqin “Mauqli”, V.İvanovun “Zirehli qatar 14-69”, S.Uluqzadənin “Mirvari” və s. əsərlərin dilimizə tərcüməsi onu Azərbaycan oxucusuna bir daha sevdirmışdır.
Sonda yazıçının oğlu, Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev tədbir iştirakçılarına minnətdarlığını bildirmiş, atası ilə bağlı xatirələrini danışmışdır.
######
