Xalq yazıçısı Mirzə İbrahimovun 110 illik yubileyinə həsr edilən sessiya keçirilib
Bakı, 15 oktyabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, akademik Mirzə İbrahimovun 110 illik yubileyinə həsr olunan onlayn elmi sessiya keçirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, iclası açan Dilçilik İnstitutunun direktor vəzifəsini icra edən filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli Prezident İlham Əliyevin 2011-ci il 19 iyul tarixli Sərəncamına əsasən Xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyini xatırladıb.
Sessiyada Mirzə İbrahimovun 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin sədri olduğu dövrdə “Kommunist” qəzetində dərc etdirdiyi və cəsarət tələb edən “Azərbaycan dili dövlət idarələrində” adlı məqaləsindən danışılıb. Qeyd olunub ki, yazıçı mühüm vəzifələrdə çalışarkən elm, təhsil və mədəniyyətin inkişafına böyük töhfələr verib.
Tədbirdə professor Sayalı Sadıqova və İsmayıl Məmmədli çıxış edərək Mirzə İbrahimovun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru Rəhim Əliyev isə çıxışında qeyd edib ki, Mirzə İbrahimov ədəbiyyatımızı bir-birindən maraqlı əsərləri ilə zənginləşdirib. Onun əsərləri müxtəlif dillərə tərcümə olunaraq keçmiş Sovet İttifaqının hüdudlarından kənarda da tanınıb, əsərləri əsasında bədii və sənədli filmlər çəkilib. O, həm də görkəmli ictimai xadim idi. Ən böyük amalı xalqına xidmət etmək olan Mirzə İbrahimov çoxşaxəli fəaliyyəti dövründə ana dilimizin saflığı uğrunda dönmədən mübarizə aparıb. Bir çox xarici müəlliflərin əsərlərini Azərbaycan dilinə tərcümə etmiş ədib gənc yazarlara həmişə xüsusi diqqət və qayğı ilə yanaşıb.