Xalqımızın qəhrəmanlıq salnaməsinə qanla yazılmış gün
Bakı, 19 yanvar (AZƏRTAC). Sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı 20 Yanvar qırğınının 21-ci ildönümü Ədliyyə Nazirliyinin Penitensiar xidmətində qeyd edilmişdir.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, xalqımızın qəhrəmanlıq salnaməsinə qanla yazılmış bu gün münasibətilə Baş idarədə ümumi yığıncaq keçirilmiş, Vətənimizin azadlığı və müstəqilliyi naminə canlarını fəda etmiş soydaşlarımızın əziz xatirəsi ehtiramla yad olunmuşdur.
Azərbaycan xalqının müstəqillik, demokratiya və azadlıq uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə itkilər, nisgillər və yaralarla deyil, xalqımızın qan yaddaşına qəhrəmanlıq səhifəsi kimi də həkk olunmuşdur.
Çıxış edən natiqlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şahidi olduqları dəhşətli səhnələri, Azərbaycanın o zamankı səriştəsiz rəhbərliyinin günahı ucbatından uzun müddət faciəyə siyasi-hüquqi qiymət verilməməsini, hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində öz kəskin etirazını bildirməsini xatırlatmışlar. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə ilk dəfə siyasi qiymət verilmiş, hadisənin günahkarlarının adları açıqlanmış, faciənin qurbanlarının xatirəsi əbədiləşdirilmiş, şəhid ailələrinə və o müdhiş gecədə sağlamlığını itirmiş soydaşlarımıza dövlət qayğısı göstərilmişdir.
Tədbirin sonunda Penitensiar xidmətin muzeyində 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş olunmuşdur.