Xaricdə yaşayan və İran vətəndaşlığı olanlar üçün 133 ölkədə 234 səsvermə məntəqəsi yaradılıb
Tehran, 18 iyun, AZƏRTAC
İranda keçirilən 13-cü prezident seçkilərini 38 ölkədən 226 media qurumunun 500-dən çox jurnalisti işıqlandırır.
AZƏRTAC xəbər verir ki, bunu İranın mədəniyyət və islami irşad nazirinin müavini Məhəmməd Xudadadi bildirib.
O diqqətə çatdırıb ki, əvvəlcədən müraciət edərək akkreditə olunan jurnalistlərin İrana daxil olmaları üçün viza prosesi sadələşdirilib. Jurnalistlər seçki prosesini işıqlandırmaq üçün səsvermə məntəqələrinə akkreditə kartını təqdim etməklə sərbəst daxil ola bilərlər. Xarici jurnalistlərin fəaliyyətinə heç bir məhdudiyyət qoyulmayıb.
Əsas namizədlərdən olan İbrahim Rəisi və Əbdülnasir Himməti də artıq səsvermədə iştirak ediblər.
Xaricdə yaşayan və İran vətəndaşlığı olanlar üçün 133 ölkədə 234 səsvermə məntəqəsi yaradılıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəni Antalya şəhərində keçirilən Diplomatiya Forumunda iştirak etdiyi üçün bu şəhərdə yaradılan səsvermə məntəqəsində səs verib.
İran mətbuatının məlumata görə, Antalya da daxil olmaqla, Türkiyənin 7 şəhərində iranlıların səsverməsi üçün məntəqələr yaradılıb.
Xatırladaq ki, prezident seçkiləri ilə yanaşı, şəhər və kənd bələdiyyə şuralarına da seçkilər keçirilir.
Tehranın Pasdaran, Niyavəran, Təcriş rayonlarında seçici fəallığı müşahidə edilir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran