Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 2,2 milyard dollar olub
Bakı, 14 iyun, AZƏRTAC
2021-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2,2 milyard dollar təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bunun 1,5 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0,7 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 1 faiz azalaraq 818,2 milyon dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 680,2 milyon dollar (7,2 faiz artım) təşkil edib. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 138 milyon dollar (28,2 faiz azalma) olub. Qarşılıqlı xidmətlər dövriyyəsinin 39,2 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 872,7 milyon dollar olan nəqliyyat xidmətlərinin 62 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 540,9 milyon dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 331,8 milyon dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 39,6 faiz artıb, idxalı isə 14,1 faiz azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ilin I rübündə 91,7 milyon dollar olan kəsir 2021-ci ilin I rübündə 209,1 milyon dollar profisitlə əvəzlənib. 2021-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 5 dəfə azalaraq 110,8 milyon dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (84,7 milyon dollar) ixracı (26,1 milyon dollar) üstələməsi nəticəsində 58,6 milyon dollar həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 8,4 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 4,4 dəfə azalıb.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 84,7 milyon dollar olub. Bunun 91,7 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3,2 dəfə azalaraq 1,7 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 22,9 faiz artaraq 172,5 milyon dollar olub.