Xəzər dənizinin sahilindən iki tondan çox tullantı toplanıb
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 22-də - Beynəlxalq Yer Günündə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik işləri aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, nazirliyin dəstəyi və "Kontakt Home" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.
Yüzdən artıq iştirakçının qoşulduğu tədbir zamanı iki hektar sahədən 2 tondan artıq tullantı toplanıb. Ən çox tullantı toplayan iştirakçıya “Kontakt Home” tərəfindən hədiyyə verilib, müsabiqədə iştirak edənlərə mükafatlar təqdim olunub.
Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və hər kəsi dəniz ətraf mühitinin mühafizəsində iştiraka cəlb etməkdir.