Xəzər rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyun keçirilib
Bakı, 4 aprel, AZƏRTAC
Xəzər Rayon İcra Hakimiyyəti, rayonun Gənclər və İdman İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş rayon ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyun təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Xəzər Gənclər Evində təşkil edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarını qurban verən şəhidlərin xatirəsi yad edilib.
Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev və başqaları çıxış edərək tədbir iştirakçılarına uğurlar arzu ediblər.
İdarənin aparıcı-məsləhətçisi Elçin Bəşirov qeyd edib ki, intellektual oyunun keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası, şagirdlərin intellektual, həmçinin dünyagörüşü səviyyələri üzrə bilik və bacarıqlarını artırmaqdan ibarətdir.
Gərgin mübarizə şəraitində keçən oyunun yekun nəticələrinə əsasən birinci yerə 237 nömrəli tam orta məktəbin “Zəfər” komandası, ikinci yer üzrə 156 nömrəli tam orta məktəbin “Evrika” və üçüncü yerə isə 120 nömrəli tam orta məktəbin “Uğur” komandası layiq görülüblər.
Qalib gələn komandalara Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilib.