Xocalı faciəsi qurbanlarının xatirəsi Riqada ehtiramla yad edilmişdir
Riqa, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Riqa klassik gimnaziyasında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Azərbaycanın Latviyadakı səfirliyinin təşkilati dəstəyi ilə “Ocaq” və “Azəri” cəmiyyətləri tərəfindən keçirilən tədbirdə Azərbaycanın Riqadakı səfirliyinin, bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri, Latviya seyminin Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, ölkənin ictimai xadimləri və KİV nümayəndələri iştirak etmişdir.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycanın və Latviyanın dövlət himnləri səslənmişdir.
Tədbir gimnaziyanın akt zalında keçirilirdi. Gimnaziyanın şagirdləri soyqırımının dəhşətləri barədə rus, Azərbaycan və latış dillərində məlumat vermiş, sonra Xocalıya həsr edilmiş şeirlər oxumuşlar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı haqqında məlumatlar elektron slaydlar vasitəsilə tədbir iştirakçılarına təqdim edilmişdir.
Sonra azərbaycanlı jurnalist Çingiz Mustafayevin çəkdiyi sənədli film nümayiş etdirilmiş, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, Dağlıq Qarabağ münaqişəsinin tarixi, ermənilər tərəfindən azərbaycanlılara qarşı vaxtaşırı törədilən terror aktları haqqında Heydər Əliyev Fondu tərəfindən çəkilmiş sənədli filmin təqdimatı olmuşdur.
“Ocaq” mədəniyyət mərkəzinin sədri Roman Əliyev çıxış edərək bildirmişdir ki, o dəhşətli hadisələr hər il olduğu kimi bu gün də dünyada azərbaycanlıların yaşadığı bütün ölkələrdə yad edilir və xatırlanır. Lakin Xocalı qırğını barədə bəyanatlar hələ 1992-ci ildə xarici ölkələrin KİV-lərində səslənmişdir.
“Azəri” cəmiyyətinin sədri Ulduzxan Əhmədov Xocalı faciəsinin Azərbaycan tarixində qara səhifə olmasını qeyd edərək vurğulamışdır ki, Azərbaycan torpaqlarının işğal edilmiş 20 faizi Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın vaxtlarda azad ediləcəkdir.
Latviya Seyminin Latviya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri deputat Aleksandr Sokovski demişdir: “Gördüyümüz bu kadrlardan sonra danışmaq çətindir. Bu kadrlar həqiqətən insanı dəhşətə gətirir”. O qeyd etmişdir ki, Latviya Seymində parlamentlərarası dostluq qrupu keçən il yaradılmışdır.
Azərbaycan Respublikasının Latviyadakı səfiri Elman Zeynalov öz çıxışında qeyd etmişdir ki, 1992-ci ilin fevral ayında baş vermiş hadisələr xarici ölkələrin KİV-lərində Xocalı qırğını kimi təqdim olunur, Azərbaycanda isə bu hadisələr soyqırımı adlandırılır. Azərbaycanın Xocalı şəhərində erməni millətçilərinin əməlləri barədə Latviya ictimaiyyətinə Azərbaycanın Latviyadakı səfirliyi tərəfindən müvafiq məlumat verilməsi üzrə iş aparılmasını vurğulayan səfir demişdir: “Biz inanırıq ki, Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən eşidiləcəkdir”.
Tədbir çərçivəsində Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoekspozisiya təqdim edilmişdir. Tədbir iştirakçıları və latviyalı deputatlar “Xocalıya ədalət” petisiyasına qoşulmuşlar.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa