Xocalı faciəsi qurbanlarının xatirəsi Serbiyada da anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Serbiyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, fevralın 26-da Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı Belqradda anma mərasimi keçirilmişdir.
Tədbirdə Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) nümayəndələri, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, Azərbaycan icmasının üzvləri, paytaxt ictimaiyyəti, KİV təmsilçiləri, tələbələr iştirak etmişlər.
Səfir Eldar Həsənov erməni silahlı dəstələri tərəfindən törədilmiş Xocalı soyqırımının xalqımızın tarixində unudulmaz, dəhşətli və qanlı faciələrdən biri olduğunu vurğulamışdır. Diplomat bildirmişdir ki, Xocalı soyqırımı Xatın, Xirosima, Naqasaki və Sonqmi faciələri ilə bir sırada durur.
E.Həsənov Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışmış, Xocalı soyqırımı qurbanlarının xatirəsinin Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığını bildirmişdir.
AMM-nin sədri Zərifə Əlizadə, Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, Serbiyada təhsil alan azərbaycanlı tələbələr də çıxış edərək Xocalı faciəsi ilə bağlı fikirlərini bölüşmüş, bu dəhşətli cinayəti törədənlərin öz layiqli cəzalarını almalı olduqlarını vurğulamışlar.
Bildirilmişdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” Beynəlxalq kampaniyası çərçivəsində Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi dünya birliyi tərəfindən tanınması istiqamətində mühüm işlər görülür.
Sonra mərasim iştirakçıları Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli filmə baxmışlar.
İştirakçılar, həmçinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş və Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun nəşr etdirdiyi Azərbaycan və ingilis dillərində “Qarabağ: Real tarix, faktlar, sənədlər”, rus və ingilis dillərində “İrəvan xanlığı”, Musa Mərcanlının “Ermənilik. Rusiya. Qafqaz” kitabları, eləcə də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” seriyasından olan kitabçalarla tanış olmuşlar.
Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı səfirlik tərəfindən hazırlanmış məlumatlar Serbiyanın dövlət və hökumət qurumlarına, parlamentə, QHT-lərə, bu ölkədə fəaliyyət göstərən səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.