Xocalı faciəsi unudulmayan qan Yaddaşımızdır
Bakı, 25 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutunda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İnstitutun direktoru, professor İsa Alıyev bildirmişdir ki, Qarabağın qədim insan məskənlərindən olan Xocalıda baş vermiş soyqırımı 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biridir. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
İ.Alıyev vurğulamışdır ki, Azərbaycan xalqı və onun dövləti Xocalı qətliamını heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1994-cü il martın 1-də bu haqda xüsusi Fərman vermişdir. Milli Məclisin qərarı ilə fevralın 26-sı “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat çatdırılmışdır.
İnstitutun şöbə müdiri Tanrıverdi Paşa, aparıcı elmi işçi Dağıstan Yaqubov 1992-ci il fevralın 25-dən 26-a keçən gecə baş vermiş faciənin dəhşətlərindən danışmışlar. Bildirilmişdir ki, həmin gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının şəxsi heyəti və hərbi texnikasının bilavasitə iştirakı ilə erməni quldur birləşmələri tərəfindən Xocalıda görünməmiş qırğın törədilmişdir. Şəhərin işğalı zamanı, müharibə qanunlarına zidd olaraq, 613 dinc sakin xüsusi amansızlıqla, işgəncələrlə öldürülmüş, yüzlərlə insan əsir və girov götürülmüş, itkin düşmüşdür.
Qeyd olunmuşdur ki, illər keçsə də, xalqımız Xocalı qətliamını yaddan çıxarmayacaqdır. Çünki bu faciə heç vaxt unudulmayan qan yaddaşımızdır.
Tədbirdə Xocalı hadisələrinə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsinin və cinayətkarların öz cəzalarına çatmasının vacibliyi xüsusi vurğulanmışdır.