Xocalı faciəsinə həsr olunmuş müsabiqənin birinci mərhələsi fevralın 20-də başa çatacaq
Bakı, 17 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilən “Xocalısız 25 il” mövzusunda rəsm-sərgi müsabiqəsi davam edir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin əsas məqsədi Xocalı soyqırımı qurbanlarını yad etmək, gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, onlara Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqdır.
Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən müsabiqədə üç yaş qrupu üzrə (6-9, 10-14 və 15-18 yaşlı) uşaqlar və gənclər iştirak edirlər. Müsabiqənin birinci mərhələsi fevralın 20-də başa çatacaq. Bu mərhələdə fərqlənən rəsm işlər müsabiqənin ikinci - Bakı şəhər mərhələsinə təqdim olunacaq. Bu mərhələdə isə hər yaş qrupu üzrə üç qalib seçiləcək. Qaliblər müəyyənləşdirilərkən rəsmin mövzuya uyğunluğu, orijinallığı, yaradıcılıq üslubu, işin görülmə keyfiyyəti nəzərə alınacaq.
Müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.