Xocalı faciəsinin ildönümü Türkmənistanda da qeyd edilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycanın Türkmənistandakı səfirliyində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Türkmənistanda yaşayan soydaşlarımız, ictimaiyyət nümayəndələri və bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri iştirak etmişlər.
Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə erməni işğalçıları tərəfindən Xocalı şəhərinin müdafiəçiləri və dinc sakinlərinə qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat vermişdir. Diplomat ermənilərin Xocalı şəhərini tamamilə yer üzündən sildiklərini, qətlə yetirilmiş insanların cəsədlərini vəhşicəsinə təhqir etdiklərini və əsir düşmüş insanlara misli görünməmiş əzab verdiklərini vurğulamışdır.
Səfir, həmçinin İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” Beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat vermişdir.
Səfirliyin birinci katibi A.Paşayev isə tədbir iştirakçılarını “Xocalıya ədalət” kampaniyasının www.justiceforkhojaly.org rəsmi internet səhifəsinin yeni versiyası ilə tanış etmişdir.
Digər çıxış edənlər ermənilərin Xocalıdakı vəhşiliklərinin bəşəriyyətə qarşı törədilmiş cinayətlərdən ən dəhşətlisi olduğunu vurğulamış, faciəyə indiyədək dünya birliyi tərəfindən siyasi-hüquqi qiymət verilməməsindən təəssüfləndiklərini bildirmişlər.
Tədbirdə, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar dünya dini liderlərinə və beynəlxalq təşkilatlara müraciəti oxunmuşdur.
Səfirliyin zalında Xocalı faciəsini əks etdirən kitab və şəkillərdən ibarət xüsusi guşə hazırlanmış, o cümlədən “Məhv edilmiş şəhər” və “Dua” sənədli filmləri, eləcə də “Xocalıya ədalət” rep üslublu videoklip nümayiş etdirilmişdir.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondu və Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmış materiallar, Xocalı soyqırımı və erməni terroru ilə bağlı kompakt disklər, kitablar, broşürlər, eləcə də səfirlik tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı türkmən dilində nəşr edilmiş “Bəşəriyyət əleyhinə cinayət” adlı kitablar paylanmışdır.
Bundan əlavə, Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar mətbuat məlumatı hazırlanaraq yayılmış və səfirliyin rəsmi internet səhifəsində yerləşdirilmişdir.