Xocalı qurbanlarının xatirəsi Abşeron rayonunda yad edilmişdir
Xırdalan, 26 fevral (AZƏRTAC). Bu gün Abşeron rayon mədəniyyət evində keçirilmiş tədbir Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinin amansızlıqla qırılmasının 19-cu ildönümünə həsr edilmişdi.
Mədəniyyət evinin foyesində düzəldilmiş böyük stenddəki fotoxronika kadrları sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyinə arxalanan erməni hərbi dəstələri tərəfindən 1992-ci il fevralın 26-da törədilmiş faciəni əyani şəkildə əks etdirir.
Əvvəlcə tədbirin iştirakçıları Xocalı əhalisinə vəhşicəsinə tutulmuş divanın qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Bircə gecədə yerlə-yeksan edilmiş şəhərin yüzlərlə sakini həlak olmuş, sanki möcüzə sayəsində salamat qalanlar isə əlil olmuş, valideynlərini itirmiş, məcburi köçkünlərə çevrilmişlər.
Rayon mədəniyyət evinin xalq teatrının truppası yazıçı-jurnalist Səriyyə Müslümqızının “Xocalıdan gələn var” pyesini tamaşaçılara təqdim etmişdir. Statistik məlumatlara əsaslanan bu pyes hadisələrin xronikasını əks etdirir. Əslən Xocalıdan olan müəllif özü də bu dəhşətli faciənin acısını yaşamışdır. Xalq teatrının özfəaliyyət qrupunun aktyorları, o cümlədən rayon məktəbliləri o dəhşətli gecənin bütün ağrı-acılarını tamaşaçılara çatdırmağa müvəffəq olmuşlar. Pyesin əsas qəhrəmanları bu faciənin bütün yükünü fədakarlıqla öz çiyinlərində daşımış, qismətinə kədərli tale düşmüş Azərbaycan qadınları - analardır.
Tamaşaya baxışdan sonra çıxış edən Səriyyə Müslümqızı demişdir ki, heç bir təqsiri olmadan həlak olmuş Xocalı sakinlərinin taleyi bizim hamımızı kədərləndirir, lakin biz haqqın, ədalətin təntənəsinə inanırıq. Yeri gəlmişkən xatırladaq ki, Səriyyə Müslümqızı bu mövzuya həsr edilmiş 9 kitabın müəllifidir. Kitabların hamısı rus və ingilis dillərinə tərcümə edilmişdir.