Xocalı soyqırımı barədə əsl həqiqətlər dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır
Paris, 26 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan-Fransa Gənclik Assosiasiyasının təşəbbüsü və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə Parisdə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbirlərə başlanılmışdır.
Azərbaycanın Fransadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, ilk tədbir Parisin mərkəzi Şatle meydanında keçirilmişdir. Fransadakı Azərbaycan diasporu nümayəndələrinin, xüsusilə tələbələrin fəal iştirakı ilə keçirilən bu tədbirə təqribən 60 nəfər qatılmışdır. İştirakçılar əllərində Xocalı soyqırımına dair plakatlar və şüarlar tutaraq, fransız dilində bu soyqırımına dair məlumat vərəqlərini, eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilmiş kitabçaları ictimaiyyətə paylamışlar. İki saata yaxın davam edən tədbir zamanı səsgücləndiricilər vasitəsilə bu faciə haqqında geniş məlumat ətrafda toplaşan insanlara çatdırılmışdır. Eyni zamanda, “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiyaya imza toplanmışdır. Tədbirdə “Xocalı uşaqların gözü ilə” rəsm sərgisi fransız ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.
Tədbir daha sonra Fransa Milli Məclisinin binası qarşısında davam etdirilmiş və Azərbaycan-Fransa Gənclik Assosiasiyası adından petisiya Milli Məclisin rəhbərliyinə təqdim edilmişdir. Bundan sonra etiraz aksiyası Ermənistanın Fransadakı səfirliyinin qarşısında davam etdirilmiş və Assosiasiyanın bəyanatı orada oxunmuşdur.
Fevralın 26-da Xocalı soyqırımının qurbanlarının anma mərasimi Madlen kilsəsində davam etdirilmişdir. Tədbirdə Azərbaycan diasporu ilə yanaşı, fransız ictimaiyyətinin nümayəndələri də daxil olmaqla 100 nəfərdən artıq adam iştirak etmişdir. Tədbiri giriş sözü ilə Madlen kilsəsinin baş rahibi açaraq, tədbirin keçirilmə səbəbindən danışmış və müharibədə həlak olanların ruhuna dualar oxumuşdur. Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Xocalı faciəsi, ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara məlumat vermişdir. Səfir Xocalı faciəsini insanlığa qarşı görünməmiş soyqırımı kimi səciyyələndirmiş, faciəyə beynəlxalq təşkilatlar tərəfindən indiyədək hüquqi qiymət verilməməsindən təəssüf hissi ilə danışmış, bütün dünya ictimaiyyətinin Xocalı soyqırımı barədə hərtərəfli məlumat əldə etməsinin vacibliyini nəzərə çarpdırmışdır. Bəşəriyyətə qarşı yönəlmiş bu soyqırımının azərbaycanlıların yaddaşında həmişəlik iz qoyduğu, bu faciə haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının zəruriliyi vurğulanmışdır.
######
![]() |
![]() |

