Xocalı soyqırımı XX əsrin böyük fəlakətidir
Bişkek, 1 mart (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun Bişkekdə qırğız, türk və rus dillərində nəşr edilən “Türkel” qəzetində Xocalı faciəsi ilə bağlı müsahibəsi dərc olunmuşdur.
Müsahibədə səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsinin yaranma səbəbləri haqqında danışmışdır. Bildirmişdir ki, təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olan Xocalı qətliamı dərindən öyrənilməlidir.
H.Orucov demişdir ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı hərbi birləşmələri sovet ordusunun 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Xocalıya hücum etmiş, qocalar, qadınlar, uşaqlar işgəncələrlə qətlə yetirilmişlər. Xocalı sakini Əntiqə erməni hərbçilərinin əmri ilə “Bu torpaq böyük Ermənistanındır” demədiyi üçün diri-diri yandırılmışdır. Xocalının digər sakini Səriyyə Talıbova isə 4 ahıska türkünün və 3 azərbaycanlının başının erməni qəbrinin üstündə kəsildiyini demişdir.
Müsahibədə qeyd olunur ki, Rusiyanın “Memorial” Hüquq Müdafiə Mərkəzinin məlumatına görə, Xocalıdan Ağdama gətirilən meyitlərin əksəriyyətinin üzərində təhqir faktları var idi. Ağdamda 200 meyit məhkəmə tibbi ekspertizasından keçirilmişdir. Ekspertizanın rəyinə görə, 151 nəfər güllə yarasından, 20 insan qəlpədən ölmüş, 10 nəfər isə küt alətlə qətlə yetirilmişdir. Səfir vurğulamışdır ki, Xocalı soyqırımı XX əsrin böyük fəlakətidir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek