Xocalı soyqırımının ildönümü ilə bağlı Böyük Britaniyada silsilə tədbirlər keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı silsilə tədbirlər keçirilmişdir.
Fevralın 23-də York Universitetində səfirliyin və York-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda münaqişələr” mövzusunda ictimai mühazirə təşkil olunmuşdur. Universitetdə təhsil alan azərbaycanlı və xarici tələbələrin iştirak etdiyi tədbirdə cəmiyyətin sədri Ramin Həkimov Xocalı faciəsinin tarixi, silahsız insanlara qarşı erməni hərbi birləşmələri tərəfindən törədilmiş zorakılıq, eləcə də faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirilən “Xocalıya ədalət” Beynəlxalq kampaniyası haqqında ətraflı məlumat vermişdir.
Fevralın 24-də isə Böyük Britaniya Parlamentinin Lordlar Palatasında səfirliyin və Avropa-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Parlamentin üzvlərinin, səfirliyin əməkdaşlarının, Qafqaz regionu üzrə tədqiqatçıların, Azərbaycan və türk icmalarının nümayəndələrinin, Birləşmiş Krallıqda təhsil alan azərbaycanlı tələbələrin qatıldığı tədbirdə Lord Layard Xocalı faciəsi haqqında ətraflı məlumat vermişdir.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov da çıxışında faciəni ötən əsrdə baş vermiş ən qanlı hadisələrdən biri kimi qiymətləndirmişdir. Diplomat bildirmişdir ki, erməni hərbi birləşmələri tərəfindən törədilmiş qətliam nəticəsində 613 mülki vətəndaş qətlə yetirilmiş, minlərlə insan öz yurdundan didərgin salınmışdır.
Kanadalı tədqiqatçı, hərbi jurnalist, “Barışmaz ziddiyyətlər: Türkiyə, Ermənistan, Azərbaycan” kitabının müəllifi Skot Teylor Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionuna səfərlərini xatırlatmış, Xocalıda baş verənləri insanlığa qarşı cinayət adlandırmışdır. S.Teylor münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməməsinin yolverilməz olduğunu demişdir. O, faciə ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülmüş işləri yüksək qiymətləndirmişdir.
Avropa-Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov isə Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsinin zəruriliyini vurğulamışdır. Cəmiyyətin sədri “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində artıq dünyanın müxtəlif yerlərindən 124 min nəfərin bu aksiyaya qoşulduğunu demişdir.
Səfirliyin dəstəyi ilə, həmçinin Böyük Britaniyanın Kardif, Mançester və Danimarkanın Odense universitetlərində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə Xocalı faciəsi ilə bağlı müxtəlif aksiyalar keçirilmişdir.
Fevralın 25-də Londonun mərkəzi Trafalqar meydanında Böyük Britaniyanın müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə dinc aksiya təşkil olunmuşdur. Üzərində Xocalı faciəsi və “Xocalıya ədalət” kampaniyası ilə bağlı şüarları əks etdirən köynəklər geyinən aksiya iştirakçıları tərəfindən faciə ilə bağlı broşür və kitabçalar şəhər ictimaiyyətinə paylanmışdır.