Xocalı soyqırımının ildönümü ilə əlaqədar Seul şəhərində yürüş və məlumatlandırma kampaniyası keçirilib
Pekin, 24 fevral, AZƏRTAC
Xocalı həqiqətləri barədə Koreya Respublikası ictimaiyyətinin məlumatlandırılması üçün "BUTA" Azərbaycan-Koreya Dostluq Assosiasiyasının təşkilatçılığı və Koreyada yaşayan Azərbaycan icması nümayəndələrinin iştirakı ilə Koreyanın nüfuzlu kütləvi informasiya vasitələrinin mərkəzi ofislərinin yerləşdiyi "Digital Media" şəhərciyində yürüş və məlumatlandırma kampaniyası keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Cənubi Koreyanın SBS, YTN, MBC, JTBC televiziya kanalları, habelə "Joongang Daily" qəzetinin yerləşdiyi media şəhərciyində keçirilmiş tədbir zamanı əyinlərində Koreya və ingilis dillərində "Xocalıya ədalət" yazılmış geyimlər geyinmiş olan aksiya iştirakçıları yerli ictimaiyyətə Xocalı soyqırımına dair Koreya dilində hazırlanmış bukletlər paylayıblar.
Koreya hökumətinin COVID-19 pandemiyası ilə əlaqədar tövsiyələri nəzərə alınmaqla məhdud sayda həmvətənimizin iştirak etdikləri tədbir çərçivəsində, həmçinin media şəhərciyində yerləşən media qurumlarının rəhbərliklərinə ünvanlanmış "Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində səsimizi eşidin!" başlıqlı müraciətləri həmin qurumların nümayəndələrinə təqdim edilib.
Azərbaycan icmasının həmin müraciətində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən 613 azərbaycanlının, o cümlədən azyaşlı uşaq, qadın və yaşlı insanların işgəncələrə məruz qalaraq vəhşicəsinə qətlə yetirildiyi vurğulanıb, Ermənistanın İkinci Qarabağ müharibəsi dövründə də insanlıq əleyhinə olan cinayətlərini davam etdirdiyi və mülki əhaliliyə qarşı qadağan olunmuş silahlardan istifadə etməklə növbəti qətliamlar törətdiyi göstərilib. Müraciətdə, həmçinin Ermənistanın törətdiyi bu kimi cinayətlərin Koreya Respublikası dövləti və ictimaiyyəti tərəfindən qınanmasının və ona hüquqi qiymət verilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbir yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Koreyalılara Xocalı soyqırımı barədə ətraflı məlumat verilib, daha geniş məlumat üçün "Xocalıya ədalət!" kampaniyasının və Koreya dilində fəaliyyət göstərən "www.khojaly.or.kr" internet səhifələrinə baxmaq təklif olunub.
Məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycan icmasının müraciəti Koreyada fəaliyyət göstərən digər əsas kütləvi informasiya vasitələrinin rəhbərliklərinə göndərilib. Bundan başqa, "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Azərbaycan icması tərəfindən Koreya Respublikası Prezidentinin Administrasiyası və parlamentin rəsmi internet səhifələrində "Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində səsimizi eşidin!" adlı müraciətlər yerləşdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin