“Xocalı vaxtı” sənədli filmi təqdim olunmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Milli Tarix Muzeyində “Miras” Milli İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Aktiv” media şirkətinin birgə layihəsi əsasında hazırlanmış “Xocalı vaxtı” sənədli filminin təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Tarix Muzeyinin direktoru akademik Nailə Vəlixanlı filmin Xocalı soyqırımının 19-cu ildönümünə həsr edildiyini bildirərək onun həm Xocalının, həm də Azərbaycanın qədim tarixinin öyrənilməsində əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, film qədim Xocalı-Gədəbəy mədəniyyəti nümunələrinin öyrənilməsindən, hazırda ermənilərin həmin ərazilərdə arxeoloji qazıntılar aparmaqla ölkəmizin tarixini məhv etməsindən bəhs edir. N.Vəlixanlı Xocalı diyarının zəngin mədəni irsə malik olduğunu bildirərək burada tapılan və türklərin tarixilə bağlı qədim yaşayış məskənlərinin öyrənilməsində Azərbaycan arxeoloqlarının rolunu önə çəkmişdir.
Sonra çıxış edən filmin redaktoru tarix elmləri üzrə fəlsəfə doktoru Fariz Xəlilli qeyd etmişdir ki, Xocalıda tapılan maddi-mədəni abidələr eramızdan əvvəl XIII-XII əsrlərə aiddir. Onun sözlərinə görə, türklərin qədim yaşayış məskənlərindən sayılan Xocalının tarixi-memarlıq abidələri diyarı olması filmdə bir daha öz təsdiqini tapmışdır. Tarixçi bildirmişdir ki, Xocalı kurqanlarında alman, rus, ingilis, fransız alimləri tədqiqatlar aparmışlar. O qeyd etmişdir ki, Qafqazda yeganə mixi yazı da məhz Xocalıda aşkar edilmişdir.
“Xocalı vaxtı” filminin rejissoru Teymur Nəcəfzadə, ssenari müəllifi Sədi Məmmədovdur. Filmi Azərbaycanın Xalq Artisti Rasim Balayev səsləndirmişdir. Bundan əlavə, filmdə tamaşaçılara tarixçi alimlərin, ictimai xadimlərin Xocalıda tapılan abidələr, ermənilərin bu abidələri məhv etməyə çalışması, tarixi təhrif etmək cəhdləri haqqında fikirləri təqdim olunur.