Xocavənd qəsəbəsində Milli Qurtuluş Günü qeyd olunub
Beyləqan, 15 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Milli Qurtuluş Günü münasibətilə Xocavənd qəsəbəsindəki Bayraq meydanında konsert proqramı təqdim olunub. Xocavənd Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə idarə və müəssisələrin, hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edilib. Bildirilib ki, 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda Ulu Öndər Heydər Əliyevin qətiyyəti, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli Liderin qətiyyəti xalqda ruh yüksəkliyi yaradıb, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb və bununla da 15 İyun - tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.
Konsertdə bəstəkar və xalq mahnıları, rəqs nümunələri təqdim olunub. Bayram konserti alqışlarla qarşılanıb, iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.