Xüsusi olimpiyaçılar arasında keçirilən florbol yarışlarının qalibləri müəyyənləşib
Bakı, 18 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksinin açıq hava meydançasında oğlanlar arasında florbol üzrə seçmə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin yekun nəticələrinə görə, ən güclü divizionda birinci yeri Sabunçu rayonu 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin komandası tutub. İkinci divizionun qalibi isə Xəzər rayonu 4 nömrəli xüsusi internat məktəbinin komandası olub.
Turnir 2022-ci il yanvarın 18-29-da Rusiyanın Kazan şəhərində keçiriləcək Ümumdünya Xüsusi Qış Olimpiya Oyunlarına seçmə xarakteri daşıyır.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə keçirilən yarışda xüsusi, yardımçı məktəb və internatlardan hər komandada 10 atlet olmaqla 12 komanda iştirak edib.