Yalçın Rəfiyev Brüsseldə COP29 çərçivəsində beynəlxalq tərəfdaşlarla aparılan əməkdaşlıqdan danışıb
Brüssel, 10 iyul, AZƏRTAC
İyulun 10-da Brüsseldə Azərbaycanın Belçikadakı səfirliyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Brüssel Ofisinin birgə təşkilatçılığı ilə “COP29: Ambisiyaların yüksəldilməsi, öhdəliklərin icrası və inklüzivliyin təmini vasitəsilə iqlim fəaliyyətinin gücləndirilməsi” adlı konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirə Brüsseldə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, BMT-nin müxtəlif qurumları və Avropa İttifaqı institutlarının yüksəkvəzifəli rəsmiləri, iqlim fəaliyyəti üzrə nüfuzlu beyin mərkəzləri, şirkətlər və akademik dairələrin nümayəndələri daxil olmaqla 200-dək iştirakçı qatılıb.
Konfransın əsas məruzəçisi qismində Azərbaycanın xarici işlər nazirinin müavini, COP29 üzrə baş danışıqçı Yalçın Rəfiyev çıxış edib, COP29 sədrliyinin prioritetləri və təşəbbüsləri, danışıqlar prosesinin strategiyası, beynəlxalq tərəfdaşlarla aparılan əməkdaşlıq barədə iştirakçıları məlumatlandırıb.
Panel müzakirələrində Avropa Komissiyasının İqlim fəaliyyəti üzrə baş idarəsinin yüksək səviyyəli rəsmisi, BMT-nin İnkişaf Proqramı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatının Brüssel ofislərinin rəhbərləri çıxış ediblər. Məruzəçilər COP29 prosesinin uğuru üçün ambisiyaların yüksəldilməsi, götürülmüş öhdəliklərin yerinə yetirilməsi, bu prosesdə inklüzivliyin təmini və bütün maraqlı tərəflərin birgə fəaliyyətinin vacibliyini qeyd ediblər.
Brüsselə səfəri çərçivəsində COP29-un baş danışıqçısı Y.Rəfiyev, həmçinin Belçika Krallığının energetika naziri, Avropa İttifaqı və Belçika Xarici İşlər Nazirliyinin iqlim və ətraf mühit üzrə xüsusi nümayəndələri ilə görüşlər keçirib, Brüsseldə akkreditə olunmuş nüfuzlu media qurumlarına müsahibələr verib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel