DÜNYA
Yaponiya hərbi-hava qüvvələrinə məxsus qırıcı təyyarə mülki aeroporta məcburi eniş edib
Tokio, 12 mart, AZƏRTAC
Martın 12-də Yaponiya hərbi-hava qüvvələrinə məxsus çoxməqsədli “F-4” qırıcısı Komatsu mülki aeroportuna məcburi eniş edib.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində pilotlar xəsarət almayıb. Qırıcı təyyarənin Yapon dənizi üzərində keçirilən təlimlərdə iştirak etdiyi bildirilir. Uçuş zamanı təyyarənin mühərrikində problem yaranıb. Məcburi eniş zamanı aeroportun uçuş-enmə zolağı müvəqqəti bağlanıb ki, bu da sərnişin təyyarələrinin uçuş cədvəlində problemlər yaradıb.
Yaponiya hərbi-hava qüvvələrində ABŞ-ın “McDonnel Douglas” şirkəti tərəfindən istehsal edilmiş yetmişə yaxın “F-4” qırıcısının olduğu bildirilir. Bu təyyarələr də bir neçə dəfə modernləşdirilib. Hazırda həmin qırıcıların “Lockheed Martin” şirkətinin istehsalı olan “F-35 Lightning” yeni hərbi təyyarələri ilə dəyişdirilməsinə başlanılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio