Yardımlıda iranlı narkotacirlərin saxlanılması məqsədilə polis əməliyyat keçirib VİDEO


Yardımlı, 31 mart, İlkin Adıyev, AZƏRTAC
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin gətirilməsini və ayrı-ayrı ünvanlara yerləşdirilməsini təşkil edən transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri olan İran vətəndaşlarına qarşı polis əməkdaşları əməliyyat keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə 26 yaşlı Hadi Fəsihi və 29 yaşlı Rza Ətai saxlanılıblar. Onlardan 36 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Dəstənin digər üzvlərinin və ölkə daxilində olan əlaqəli şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.