YAZIÇI-PUBLİSİSTİN YARADICILIQ GECƏSİ KEÇİRİLMİŞDİR
Bakı, 25 may (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyində (AYB) yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın yaradıcılıq gecəsi keçirilmişdir.
AYB-in katibi Çingiz Abdullayev, professor Həsən Quliyev, Milli Məclisin deputatı Lalə Məmmədova və başqaları E.Axundovanın çoxşaxəli yaradıcılığından, tükənməz sənət eşqindən danışmışlar.
Bildirilmişdir ki, cəsarətli yazıçı-publisist kimi tanınan E.Axundovanın yaradıcılığı həmişə ədəbi ictimaiyyətin marağına səbəb olmuşdur. Rus dilində qələmə aldığı "Fərmanla əfv edilmişdir...", "Həqiqət anı" "Əlövsət Quliyev: o, tarix yaradırdı", "Bu bizik", "Yaşamaq əyyamı", “Naşirin ölümü”, “Şüşə saray” kitabları ölkənin mədəni həyatında hadisəyə çevrilmişdir.
Rusiya və digər ölkə mətbuatında müntəzəm çıxış edən Elmira Axundovanın kitablarının kütləvi tirajla buraxılması, Moskvada 1984-cü ilin mayında keçirilən gənc yazıçıların VIII Ümumittifaq müşavirəsində iştirakı, Azərbaycan Yazıçılar Birliyinin bir sıra ədəbi tədbirlərinin təşkilati hazırlığında və keçirilməsində bilavasitə öndə getməsi qeyd edilmişdir.
Çıxış edənlər Elmira Axundovanın böyük ustalıqla yazdığı “Heydər Əliyev. Şəxsiyyət və Zaman” çoxcildlik roman-tədqiqatını onun ömrünün ən mühüm layihəsi adlandırmışlar. Natiqlər E.Axundovanın rəvan, anlaşıqlı, eyni zamanda, obrazlı dillə yazılmış kitablarının ədəbi məziyyətləri haqqında Oljas Süleymenovun ”…Elmira Axundovanın bu kitabı qəlbinin məhəbbəti ilə yazılmışdır” - kəlamını xatırlatmışlar.
Bildirilmişdir ki, roman-tədqiqatın başlıca özəlliklərindən biri də burada ümummilli liderin müasirlərinin, çiyin-çiyinə işlədiyi, ünsiyyətdə olduğu, ömrünün müxtəlif çağlarında dostluq etdiyi insanların səsinin eşidilməsidir. Elmira Axundova bu insanları axtarıb tapmağa, onları “danışdırmağa”, xatirələrini lentə almağa üç ilə yaxın vaxt sərf etmişdir və bu iş indi də davam edir. Ona görə də bütöv bir dövrü əks etdirən bu materiallar son dərəcə dəyərlidir. Ulu öndər Heydər Əliyevin köməkçiləri və referentləri, sürücüləri və şəxsi mühafizə əməkdaşları, həkimlər, məsləhətçilər və şöbə müdirləri, respublika KP MK-nın və Sov.İKP MK-nın sabiq katibləri və MK Siyasi Bürosunun üzvləri və üzvlüyünə namizədlər, nazirlər, yazıçılar, bəstəkarlar, rəssamlar, jurnalistlər, sərkərdələr — yüzdən çox insanın maqnitofon lentlərində canlı səsi, ötən günlər haqqında nadir xatirələri qalmışdır.
E.Axundova xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmiş, H.Zərdabi adına mükafata layiq görülmüş, seçicilər onu Azərbaycan Milli Məclisinin deputatı seçmişlər.
Elmira Axundova ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirmişdir. Demişdir ki, beş ilə yaxın gərgin zəhmət, ulu öndərin uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə söhbət zamanı lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində iş, Azərbaycan xalqının ümummilli liderinin daha dolğun və obyektiv bioqrafiyası növbəti ikicildlik romanında tam şəkildə əks olunacaqdır. Bununla yanaşı, Elmira Axundova çoxcildlik roman-tədqiqatın növbəti kitabları üzərində də işlədiyini bildirmişdir.
######
