Yeddi yatmış adam mağarası Əmmanın görməli yerlərindəndir
Əmman, 15 fevral (AZƏRTAC). Əmmanda və onun ətraflarında əhdi-cədiddə təsvir edilmiş çoxlu qədim mədəniyyət və dini abidələrin xarabalıqları vardır. Turistlərin marağını cəlb edən bu cür yerlərdən biri Əhl-əl-Kəhfdir (“Yatanların mağarası”). Bu abidə təxminən dördüncü əsrə aid Bizans dövrünün nekropolunu dur.
Əfsanəyə görə, bu, müqəddəs Quranda təsvir edilmiş məhz həmin yerdir ki, tək Allaha inanan, bütpərəstlərin və Roma imperatoru Diqyanusun təqiblərindən canlarını qurtarmış bir neçə gənc Allahın hökmü ilə orada üç yüz il yatmışdır. Ehtimal edilir ki, bu məzarlığın müqəddəs Quranın on səkkizinci surəsi olan “Əl-Kəhf” (“Mağara”) surəsinə aidiyyəti vardır. Bu surənin 10-22-ci ayələrində etiqadlarına görə təqiblərdən qaçaraq, öz itləri ilə birlikdə gizlənmiş bir neçə gəncin əhvalatı təsvir olunur. Onlar bu mağarada düz 309 il yatmış, sonra isə dünyadan köçmüş insanların Qiyamət günü dirilməsinə şübhə edənlərə ibrət olmaq üçün oyanmışlar. Qeyd etmək lazımdır ki, yatmış yeddi gənc haqqında xatırlamalara təkcə Quranda deyil, həm də Bibliya və digər dini kitablarda rast gəlmək olur. Bu əhvalat çoxlu müxtəlif əfsanə və inancların yaranmasına da səbəb olmuşdur. Əmman mağarasındakı məbəd kiçik otaq boydadır. Sağda və solda sərdabalar vardır. Onlardan birinin üzərində kəsişən iki düzbucaqlının qabarıq rəmzi şəkli, digərinin üzərində isə sünbül və çiçək təsvir olunmuşdur. 1963-cü ildə bu sərdabalar açılmış, onların içərisində skeletlər və məişət əşyaları aşkarlanmışdır. Bütün qalıqlar sərdabalardan birinə yığılmış, onun divarında müşahidə üçün şüşə gözlük düzəldilmişdir ki, buradan insan sümükləri yaxşı görünür. Qəbirüstü daşların yanında kiçik vitrin qurulmuşdur. Onun şüşəsi altında qədim saxsı qırıqları və qədim zeytun ağacının gövdəsinin, demək olar ki, daşlaşmış hissəsi qoyulmuşdur.
İordaniya hakimiyyəti bu yerin yaxınlığında açıq rəngli daşdan tikilmiş, ətrafı abadlaşdırılmış möhtəşəm məscid ucaltmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman