Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının yaranmasından 25 il ötür
Balakən, 6 mart, Mustafa Dadaşov, AZƏRTAC
Yarandığı gündən Yeni Azərbaycan Partiyasının (YAP) ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının yaranmasının 25 illiyi münasibətilə martın 6-da qurumun inzibati binasında keçirilən tədbirdə səsləndirilib.
Tədbirdən əvvəl rayon təşkilatının üzvləri Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə ötən ildən davam edən “700 min ağac əkək” aksiyası çərçivəsində rayonun Hənifə kəndinin ərazisində 2 min ədəd müxtəlif növ ağac tingi əkiblər.
Partiyanın rayon təşkilatının sədri Azad Balayev tədbirdə çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatındakı fəal rolundan, iqtidar partiyasının dövlətçiliyimiz qarşısındakı xidmətlərindən danışıb. Bildirilib ki, yaranmasının 25 illiyini qeyd edən YAP Balakən rayon təşkilatının hazırda 5109 nəfər üzvü var. Təşkilat üzvlərinin 35 faizini gənclər, 45 faizini qadınlar təşkil edir. Son bir ildə partiya üzvlərinin sayı 200 nəfərə yaxın artıb. Partiya sıralarına yeni daxil olanların əksəriyyəti gənclərdir. Təşkilat üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər.
Tədbirin sonunda partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri, rayon təşkilatının yaranmasında xidmətləri olan partiya üzvlərinə, həmçinin fəallara fəxri fərman və hədiyyələr təqdim olunub.