İQTİSADİYYAT
“Yeni nəsil üçün kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı (AKTA), “Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi və “YAŞAT” Fondunun tərəfdaşlığı ilə 14-17 yaşarası yeniyetmə və məktəblilər üçün “Yeni nəsil üçün kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.
AKTA-dan AZƏRTAC-a bildirilib ki, seminar çərçivəsində iştirakçılar kibertəhlükəsizlik sahəsində yeni çağırışlar, təhsil və karyera istiqamətləri, kibergigiyena qaydaları və sair mövzular üzrə məlumatlandırılıblar. Eyni zamanda, təqdimatla çıxış edən mütəxəssislərlə iştirakçılar arasında praktik məsələlər ətrafında interaktiv sual-cavab sessiyası təşkil olunub.
Təxminən 40-dək yeniyetmə və məktəblinin iştirak etdiyi seminarın məqsədi yeni nəslin kibertəhlükəsizlik sahəsində maarifləndirmə səviyyəsinin artırılması və ümummilli hazırlığın yüksəldilməsi, kiberfəzada təhlükəsizliyin təmin edilməsində gənclərin daha da fəal iştirakının stimullaşdırılması olub.