YENİ QURĞU 18 KƏNDİN SUVARMA SUYUNA OLAN TƏLƏBATINI ÖDƏYİR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay çayında səviyyəqaldırıcı beton bənd qurğusunun tikintisi başa çatdırılmışdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Göyçay Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, iki il ərzində inşa edilən bu qurğu sağ və sol istiqamətləri olmaqla 2 paylayıcı kanaldan, 6 selötürücü və 4 supaylayıcı şlüzdən, suyun səviyyəsini nizamlayan 10 qapıdan və 110 metr uzunluğunda su aşırıcı bənddən ibarətdir. Hazırda qurğu tam gücü ilə işləyir və rayonun 18 kəndinin suvarma suyuna olan tələbatını ödəyir.
Bu qurğu inşa edilməmişdən əvvəl çayda suvarma suyunun nizamlanması üçün ağır texnikanın köməyilə müvəqqəti istiqamətləndirici cınqıl bəndlər düzəldilirdı. Çayda suyun səviyyəsinin artıb-azalması nəticəsində həmin cınqıl bəndlər tez yuyularaq sıradan çıxırdı və əkin sahələrinin suvarılmasında uzunmüddətli fasilələr yaranırdı. Artıq bu problem öz həllini tapmışdır. Çöyçay şəhərinin və kənd yaşayış məntəqələrinin sel sularından mühafizəsi də daim diqqət mərkəzindədir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikinti briqadası bu günədək Göyçay çayının sahilində sel sularından mühafizə üçün 2 kilometr uzunluğunda beton bənd inşa etmişdir. Gələcəkdə çayın sağ və sol sahillərində 16 kilometr uzunluğunda yeni beton bəndin inşası nəzərdə tutulmuşdur.