Yenidənqurmadan sonra Azərbaycan Geologiya Muzeyinin açılışı olmuşdur
Bakı, 25 dekabr (AZƏRTAC). Dekabrın 25-də müasir tələblər səviyyəsində yenidən qurulmuş Azərbaycan Geologiya Muzeyinin açılışı olmuşdur.
Açılışda iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirmişdir ki, Azərbaycan Geologiya Muzeyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən yenidən qurulmuşdur. Bunun üçün Azərbaycan Prezidentinin Ehtiyat Fondundan 1 milyon manat məbləğində vəsait ayrılmış, vəsaitdən 430 min manat xərclənmişdir. Qalan məbləğ büdcəyə qaytarılmışdır. Yenidənqurma işlərindən sonra muzeyin sahəsi genişlənərək 511 kvadratmetrdən 630 kvadratmetrə çatdırılmış, muzey avadanlığı ilə təchiz olunmuş, zalların temperaturunu nizamlayan sistem quraşdırılmışdır.
Nazir məlumat vermişdir ki, eyni zamanda, buraya gələnlər muzeydə saxlanılan eksponatlar haqqında səsli və görüntülü məlumat da ala biləcəklər. Məktəblilərin bu muzeyə daha çox maraq göstərdiyini nəzərə alsaq, gələcəkdə burada eksponatlarla bağlı daha ətraflı məlumat almaq üçün şərait yaradılacaqdır.
Qeyd edək ki, 1969-cu ildə Azərbaycan Geologiya İdarəsinin nəzdində yaradılmış muzey ölkənin yeraltı təbii sərvətlərini səciyyələndirən süxur-mineral nümunələrinin kütləvi nümayiş edilməsi, geoloji-kəşfiyyat işləri nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda təbliği və təşviqi məqsədi ilə yaradılmışdır. Hazırda muzeyin bölmələrində respublikamızın zəngin yeraltı təbii sərvətlərini, mürəkkəb geoloji quruluşunu hərtərəfli səciyyələndirən 5000-dən artıq süxur, filiz, mineral və kristalların seçmə nümunələri yerləşdirilmişdir. Muzey Regional geologiya, Azərbaycanın mineral resursları, Petroqrafiya, Mineralogiya, Paleontologiya bölmələrindən ibarətdir.
######
![]() |
![]() |

