Zaqatalada Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Zaqatala, 26 fevral (AZƏRTAC). Fevralın 25-də Zaqatala rayon Mədəniyyət Evində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar “Əsrin faciəsi” adlı ümumrayon tədbiri keçirilmişdir.
Rayon rəhbərliyi və tədbir iştirakçıları əvvəlcə Zaqatala şəhərində şəhidlərin xatirəsinə ucaldılmış abidə-kompleksin qarşısına gələrək önünə gül-çiçək düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər.
Sonra iştirakçılar mədəniyyət evinin foyesində uşaqların Xocalı faciəsi mövzusunda çəkdikləri rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxmışlar. Sərgidə nümayiş olunan əsərlərin əsas qayəsini mənfur düşmənə sonsuz qəzəb və nifrət təşkil etmişdir.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin səbəbləri, mahiyyəti və acı nəticələri barədə danışmış, 19 il əvvəl baş vermiş bu qətliamın erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirmişdir. Natiq soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və faciəyə hüquqi-siyasi qiymət verilməsi istiqamətində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirmiş, məhz ulu öndərimizin müdrik siyasəti nəticəsində Xocalı faciəsi ətrafında yaradılan informasiya blokadasına son qoyulduğunu xüsusi vurğulamışdır. Bildirmişdir ki, hazırda dövlətimizin başçısı və Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Çıxışlardan sonra rayon mədəniyyət evi xalq teatrının hazırladığı “Xocalıdan gələn səslər” səhnəciyi nümayiş etdirilmişdir.
Rayonda məskunlaşmış Xocalıdan olan məcburi köçkün ailələrinə ərzaq bağlaması və maddi yardım verilmişdir.
Anma mərasiminin sonunda Xocalı köçkünləri adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.