Etibar Mirzəyev: “Xəzər-2017” beynəlxalq təliminə 1100 nəfərlik şəxsi heyət cəlb edilib VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Bakıda Xəzəryanı ölkələrin iştirakı ilə keçirilən “Xəzər-2017” beynəlxalq təliminə 1100 nəfərlik şəxsi heyət cəlb edilib.
AZƏRTAC xəbər verir ki, bunu “Xəzər-2017”yə rəhbərlik edən fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev noyabrın 2-də jurnalistlərə müsahibəsində deyib.
Təlimə artıq start verildiyini və ölkəmizdə bu qəbildən tədbirin ilk dəfə təşkil edildiyini vurğulayan E.Mirzəyev bildirib: “İki gün davam edəcək təlim Qaradağ rayonunda, gəmiqayırma zavodunun ərazisində keçirilir. Rusiyanın, Türkmənistanın, İranın, Qazaxıstanın xilasediciləri təlimdə fəal iştirak edirlər. Təlimə 1100 nəfərlik şəxsi heyət, 208 texnika, 2 təyyarə, 5 helikopter, 8 gəmi, xüsusi təlim görmüş 6 it cəlb edilib. Təlimlə əlaqədar birləşmiş qərargah yaradılıb. Bu qərargah vasitəsilə qüvvələr dənizdə, quruda və havada idarə olunacaq”.
Təlimdə fəal iştiraklarına görə 5 Xəzəryanı dövlətin xilasedicilərinə, onların rəhbərliyinə, eyni zamanda, təlimə qatılan yerli qurumlara minnətdarlığını bildirən nazir müavini vurğulayıb: “Təlimin məqsədi iştirakçı ölkələrin müvafiq qurumlarının aidiyyəti qüvvələrinin təcrübələrinin və peşəkarlıqlarının artırılması, onların havadan, sudan, qurudan birgə fəaliyyətinin təşkil olunmasıdır. Əsas məqsədlərdən biri də Xəzəryanı dövlətlərin xilasediciləri arasında əməkdaşlığın gücləndirilməsidir”.