SİYASƏT
Azərbaycanın “ASAN xidmət” modeli sayəsində Əfqanıstanda vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
Belə forumlar dövlət xidmətləri sahəsində ən yaxşı təcrübələri bölüşmək və ən uğurlu konseptlərdən istifadə edərək vətəndaşlara faydalı və səmərəli xidmətlər göstərmək baxımından çox əhəmiyyətlidir. Biz bu gün Azərbaycanın uğurlu “ASAN xidmət” modeli sayəsində vətəndaşlarımıza yüksək səviyyədə xidmət göstərə bilirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun iştirakçısı, Əfqanıstanın “ASAN xidmət” idarəsinin baş direktoru Məhəmməd Çəmkənay səsləndirib.
O qeyd edib ki, Əfqanıstanda bu ilin sonunadək üç yeni “ASAN xidmət” mərkəzinin və qarşıdakı illərdə altı regional ofisin də açılması nəzərdə tutulur. Bu mərkəzlərin fəaliyyəti nəticəsində vətəndaşlara dövlət xidmətlərinin daha şəffaf və səmərəli şəkildə göstərilməsi təmin olunacaq. Bir çox dövlət xidmətlərinin bir mərkəzdə toplanması çox faydalıdır və rəqəmsal xidmət insanların işini asanlaşdırır.