MƏDƏNİYYƏT
Lük Obri: Bakı Marionet Teatrı Azərbaycanın mədəniyyət elçisidir VİDEO
Şarlövil-Mezyer, 24 sentyabr, AZƏRTAC
Bakıda “Leyli və Məcnun” marionet tamaşasının hazırlanması layihəsinə lap əvvəlindən qoşulmuşam. Ona görə layihənin reallaşdırılması prosesləri, onun ərsəyə gəlməsi ilə yaxından tanışam.
Tamaşada səsləndirilən musiqini çox sevirəm, milli və müasir musiqinin vəhdəti yaradılıb. Tərlan tamaşaya opera musiqisini adaptasiya edərək, ona müasir ruh verib və şedevr yaradıb.
Bu fikirləri Fransada 20-ci Şarlövil-Mezyer Beynəlxalq Marionet Teatrları Festivalında Bakı Marionet Teatrının tamaşasından sonra ölkəmizdə Fransa səfirliyinin keçmiş mədəniyyət attaşesi Lük Obri AZƏRTAC-a müsahibəsində deyib.
Qeyd edib ki, emosiyalarla dolu tamaşa Azərbaycan mədəniyyətini yüksək şəkildə nümayiş etdirdi. Tamaşaçıların emosiyalarının şahidi olduq, hətta bəziləri göz yaşlarını saxlaya bilmədi. Hamı tamaşanın təsiri altında idi, onun çox gözəl olduğunu təkrarlayırdılar. Mövzu çox maraqlı idi, aktyorlar marionetlərlə daxili emosiyalarını məharətlə ifa edirdilər.
“Əminəm ki, bu tamaşa insanlarda Füzulini, Nizamini oxumaq arzusu yaradacaq. Tərlan həmişə deyir ki, insan hər şeyə qadirdir, ən kiçik əşyaları uzaqdan görə və onun incəliklərini sezə bilir. Bu baxımdan marionetlər hazırlananda onların son dərəcə gözəl olmasını tələb edirdi. Marionetlər, dekorasiyalar, ümumiyyətlə tamaşada hər şey əl işi idi, bu, heç də asan deyil. Marionetlər hazırlanan zaman Tərlan çox tələbkar idi, qeyri-mümkünü mümkün etməyə çalışır, hər bir incəliyə xüsusi fikir verirdi. Bəzən insanlar deyəndə ki, mümkün olmayanı tələb edir, Tərlan deyirdi: “Sizdən bacara bilmədiyinizi tələb etmirəm, edə biləcəyinizə inanmadıqlarınızı sizinlə birlikdə reallaşdırmaq istəyirəm. Siz buna qadirsiniz, edə biləcəksiniz”.
Bildirilib ki, tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçunun ölkəsinə, onun mədəniyyətinə olan sevgi alovu aydın hiss olunur. Tamaşa mənəvi, estetik, artistik və mədəniyyət emosiyaları ilə doludur, diqqət, konsentrasiya, qayğı tələb edir. Tərlan gözəl poema ilə bərabər, gözəl musiqi seçib. Dekorasiya əsrarəngiz idi. Burada Azərbaycan mədəniyyətinin bütün sahələrinin elementləri, eləcə də eskizlərdə xalça motivləri aydın görünür.
“Azərbaycan mədəniyyətinin bu formada təşviqinə çox şadam. Bakı Marionet Teatrı ölkənin mədəniyyət elçisidir, ölkənizin dəyərlərini təbliğ edir”, - deyə L.Obri vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Şarlövil-Mezyer