MƏDƏNİYYƏT
Gənc pianoçu Nərmin Nəcəfli: Parisdə tamaşaçıların ifamı bəyənmələri məni çox sevindirdi VİDEO
Paris, 28 sentyabr, AZƏRTAC
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ilk solo konsert verməyimdən çox şadam. Bu, Fransada ilk konsertim deyil. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə UNESKO-nun mənzil-qərargahında təşkil olunmuş konsertdə də ifa etmişəm.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Fransadakı səfirliyimizin dəstəyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə Parisdə keçirilmiş konsertin iştirakçısı Nərmin Nəcəfli deyib.
Konsertin uğurlu keçdiyini qeyd edən Nərmin Nəcəfli bildirib: “Sevinirəm ki, ifa etdiyim musiqiləri azərbaycanlı musiqisevərlərlə bərabər fransızlar da çox bəyəndilər. Dinləyicilər konsertin sonunda əlavə musiqi ifa etməyimi istədilər. Ümid edirəm ki, belə konsertlər çox olacaq. Paris auditoriyasına bələdəm, ancaq yenə də həyəcanlı idim. Musiqi proqramını özüm tərtib etmişdim. Ona görə dinləyicilərin bu proqramı sevməsinə çox şad oldum”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris