Xəzər rayonunda 16,3 kilometrlik küçə və yol təmir edilir VİDEO



Bakı, 30 aprel, AZƏRTAC
Cari ilin İnvestisiya Proqramına uyğun olaraq, Xəzər rayonunun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 kilometr olan küçə və yolların təmiri və tikintisi nəzərdə tutulur ki, artıq bu istiqamətdə təmir-tikinti işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir-tikinti işləri Binə qəsəbəsi üzrə ümumi uzunluğu 7.6 kilometr olan 5 küçə və yol, Buzovna qəsəbəsi üzrə 1.2 kilometrlik 1 küçə, Qala qəsəbəsi üzrə isə ümumi uzunluğu 7.5 kilometr olan 3 yolda həyata keçirilir.
Artıq Binə və Qala qəsəbələrində küçə və yolların yenidən qurulması istiqamətində işlərin bir hissəsi yerinə yetirilib. Təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir. Daha sonra yol əsası hazır olan hissələrə “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılacaq.
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin İnvestisiya Proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə isə Xəzər rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-2020-ci illərdə Xəzər rayonunun qəsəbələrini əhatə edən ümumi uzunluğu 100 kilometrdən çox olan küçə və yola asfalt-beton örtüyü döşənib.
Təmir işləri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi yollar olduğu üçün təmir-bərpa işlərinin aparılması gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına səbəb olacaq.