1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsi yad edilib
Bakı, 9 may, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyi münasibəti ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub. İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsi dərin ehtiramla yad olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdə abidə önünə toplaşmış müharibə veteranları adından müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqova “Veteranların qayğıkeşi” diplomu və “Veteran həmrəyliyi” medalı təqdim edilib.
Anım mərasimlərində Bakı şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsinə ucaldılmış abidə və “Qardaşlıq məzarı” da ziyarət olunub.
Bayram tədbirləri Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də keçirilib.