1 aprel- Beynəlxalq Quşlar Günüdür
Bakı, 1 aprel, AZƏRTAC
1 aprel dünyada Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb. Bu gündə məktəblilər və quş həvəskarları bağlarda və parklarda yem təknələri və yuvalar asır, quş yuvalarını yeniləmək və təzədən tikməklə quşların köçüb gəlməsinə hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən "İnsan və Biosfer" başlığı altında keçirilən xüsusi proqram çərçivəsində qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır.
Beynəlxalq statistikaya görə, dünyada 100 mindən çox quş növü var. Yaxın keçmişdə 200-300 quş növü tükənib. Azərbaycanda isə 363-dən çox quş növü qeydə alınıb. Ölkəmizdə qeydə alınan növlər 17 dəstə və 60 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilirlər, 27 faizi qışlayan və 10 faizdən çoxu isə köç vaxtı qeydə alınan növlərdir. Avrasiyadakı ən böyük miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir.
Respublikamızda yaşayan 36 növ quş Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib. Azərbaycan ornitofaunasının isə 23 növü “Dünya Qırmızı Kitab”ına daxil edilib.