SİYASƏT
Prezident: Azərbaycan dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Biz hamımız xatırlayırıq ki, müstəqilliyimizin ilk illərində bizim özümüzə enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə pulumuz yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir.
Prezident İlham Əliyev bu barədə “Qobu” Enerji Qovşağının açılış mərasimindən sonra AZƏRTAC-a müsahibəsində bildirib.
“Bu, əlbəttə ki, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar. Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün Azərbaycanda enerji təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını, ölkəmizin həm bölgədə, həm də qitədə çox etibarlı enerji təchizatçısına çevrildiyini vurğulayan Prezident İlham Əliyev deyib: “Əlbəttə ki, növbəti planlarımız da var. Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpaolunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq”.