APA-nın 19 yaşı tamam olub VİDEO
Bakı, 16 noyabr, AZƏRTAC
Bu gün Azəri-Press Agentliyinin (APA) yaranmasının ildönümüdür.
AZƏRTAC xəbər verir ki, APA-nın yaranmasından 19 il ötür.
Agentlik 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
APA Azərbaycan, rus, ingilis və fars dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.
Agentliyin tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir. "APA-Economics"in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial sahə və s. ən son xəbərlər, təhlillər bu bölmədə toplanır.
“APA Group”un baş redaktoru Nurşən Quliyev AZƏRTAC-a müsahibəsində agentliyin ilk dəfə 7 nəfərlik kollektivlə fəaliyyətə başladığını söyləyib: “Getdikcə böyüdük, agentliyin tərkibində yeni şöbələr yarandı, abunəçilərimizə yeni məhsullar təqdim etməyə başladıq. Ən əsası, Azərbaycanda informasiya agentlikləri arasında rəqabət yarandı”.
APA-nın baş redaktoru Fərid Mirzə hazırda agentlikdə 200-dən çox əməkdaşın çalışdığını söyləyib. O bildirib ki, ölkədaxili bürolarla yanaşı, agentliyin Türkiyə, Rusiya, İran və Gürcüstanda ofisləri də var.