Tarixi sarayda zəngin mədəni irs: Milli Azərbaycan Tarixi Muzeyi VİDEO
Bakı, 29 yanvar, Gülay Nəzərova, AZƏRTAC
AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikası: Milli Azərbaycan Tarixi Muzeyi.
Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bina məşhur sahibkar, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və ailəsinin yaşayış evi olub. Bakı şəhərinin baş memarı olmuş İosif Vikentyeviç Qoslavskinin layihəsi əsasında inşa edilən Tağıyev sarayı paytaxtın ən gözəl memarlıq nümunələrindən biri hesab olunur.
Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan tarixinin ən qədim dövrlərindən müasir dövrədək uzanan zəngin mədəni irsi əks etdirən eksponatları ilə fərqlənir. Muzey həm yerli, həm də xarici turistlər üçün maraqlı ekskursiyalar, interaktiv təqdimatlar və tematik sərgilər təklif edir.
2007-ci ildə burada 9 otaqdan ibarət Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi də yaradılıb. Bu otaqlarda Tağıyev ailəsinin gündəlik həyatını əks etdirən əşyalar, orijinal mebellər və sənədlər nümayiş olunur. Ziyarətçilər burada təkcə tarixi faktlarla deyil, həm də bir dövrün yaşam tərzi və mənəvi dəyərləri ilə yaxından tanış olurlar.
Milli Azərbaycan Tarixi Muzeyinə səfər Bakının tarixini, mədəniyyətini və memarlıq irsini hiss etmək istəyən turistlər üçün unudulmaz təəssürat yaradır.