Vüsal Hüseynov: Qiymətləndirmə pozitiv mənada qurumlar arasında rəqabət mühiti yaradıb VİDEO
Bakı, 23 fevral, Günel Türksoy, foto Səfiyar Məcnun, video İlham Nadirov
"ASAN xidmət" 10 ildən artıqdır ki, vətəndaşlara xidmət göstərir və dövlət xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsinin uğurlu aləti kimi özünü təsdiq edib. "ASAN xidmət"in dövlət xidmətlərinin göstərilməsində nailiyyətlər əldə etməsi bizi sevindirir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov “ASAN xidmət indeksi” üzrə qiymətləndirmə və “ASAN müraciət” informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair keçirilən tədbirdə bildirib.
O deyib ki, yüksək nəticə göstərmək məsuliyyət və xüsusi yanaşma tələb edən prosesdir: "Qurumlar bu prosesləri uğurla yekunlaşdıra bilirsə, bu xidmətlərin səviyyəsinin keyfiyyətli olmasından xəbər verir. Qiymətləndirmə prosesində iştirak etmək pozitiv mənada qurumlar arasında rəqabət mühiti yaradıb. İllər üzrə xidmətlərin sayının artdığını görürüksə, bu proses bizi təkmilləşdirir”.
Vüsal Hüseynov vurğulayıb ki, 2016-cı ildən Dövlət Miqrasiya Xidməti pilot olaraq bu layihəyə qoşulub. “5 ildir ki, Dövlət Miqrasiya Xidməti qaliblər arasında yer alır. Ancaq birinci yerdə deyildik. Biz bu prosesi təhlil edirdik. Əsas məsələ icra məsələsində irəliyə getmək və əldə olunan nəticəni saxlamaqdır", - deyə o diqqətə çatdırıb.