Kəlağayıya maraq və tələbat artır: Milli irsimiz gənclər tərəfindən sevilərək yaşadılır VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
Kəlağayı xalqımızın həyatında hər zaman xüsusi yer tutub. Bu qədim baş örtüyü əsrlər boyu nəsildən-nəslə ötürülərək milli geyim mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Anamın 105 yaşı var, xalam isə 117 yaşında dünyasını dəyişib. Onların həyatında da kəlağayının özünəməxsus yeri olub. Xalam daim kəlağayıdan istifadə edər, hətta səhhətində müəyyən narahatlıq hiss etdikdə onu belinə və ya başına bağlayardı. Böyüklərimiz kəlağayının insan sağlamlığına müsbət təsir göstərdiyinə inanırdılar.
Bunu AZƏRTAC-a açıqlamasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin İdarə Heyətinin üzvü, şair Səringül Sadə bildirib.
Onun sözlərinə görə, kəlağayı yalnız milli geyim nümunəsi deyil, həm də xalqımızın zəngin mədəni irsini, adət-ənənələrini və mənəvi dəyərlərini özündə yaşadan qiymətli sərvətdir.
“Kəlağayı mənim üçün əsl möcüzədir. Təbii ipəkdən hazırlandığı üçün yayda sərinlik, qışda isə istilik bəxş edir. Bununla yanaşı, kəlağayının rənglərinin də özünəməxsus rəmzi mənaları var. Məsələn, qırmızı kəlağayılar daha çox nişan və toy mərasimlərində istifadə olunub, qara kəlağayılar yas mərasimləri ilə əlaqələndirilib. Ağ kəlağayılar isə gənc qızların geyimində xüsusi yer tutub. Bütün bunlar göstərir ki, kəlağayı təkcə baş örtüyü deyil, həm də xalqımızın qədim adət-ənənələrini və milli kimliyini əks etdirən mədəni irs nümunəsidir”, – deyə o vurğulayıb.
Səfər etdiyi ölkələrdə Azərbaycan kəlağayısına göstərilən maraqdan danışan S.Sadə indiyədək dünyanın 76 ölkəsində olduğunu və hər səfərində milli geyimlərimizi, xüsusilə də kəlağayını özü ilə apardığını bildirib.
Son illər kəlağayıya marağın artmasından danışan S.Sadə bildirib ki, bir müddət əvvəl bu qədim baş örtüyündən gündəlik həyatda əvvəlki qədər geniş istifadə olunmur, nəsildən-nəslə ötürülən kəlağayılar çox vaxt sandıqlarda saxlanılırdı. Lakin son dövrlərdə milli irsimizin bu nümunəsinə münasibət əhəmiyyətli dərəcədə dəyişib.
“Ötən illə müqayisədə kəlağayıya həm marağın, həm də tələbatın xeyli artdığını müşahidə edirik. Xüsusilə gənc qızların müxtəlif rəng və naxışlı kəlağayılara böyük həvəs göstərməsi sevindiricidir. Bu, milli irsimizin gənc nəsil tərəfindən sevilərək yaşadıldığının bariz nümunəsidir”, – deyə o vurğulayıb.