Ziya Bünyadov prospektində yolun bir hissəsi birtərəfli qaydada bağlanmışdır VİDEO
Bakı, 19 fevral (AZƏRTAC). Gecə saatlarından etibarən Bakının Ziya Bünyadov prospektində yolun bir hissəsi birtərəfli qaydada bağlanmışdır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev AZƏRTAC-a bildirmişdir ki, Ziya Bünyadov prospektində su xəttinin köçürülməsi ilə əlaqədar prospektin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Əhməd Rəcəbli küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkətinə bir istiqamətdə üç gün müddətində məhdudiyyət qoyulmuşdur.
Həmin müddətdə Böyük Şor qəsəbəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində yol bağlı, əks istiqamətdə isə açıq olacaqdır. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə edilir.