5 MART - BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ BAKIDA BÖYÜK TƏNTƏNƏ İLƏ QEYD OLUNDU
Bakı, 5 mart (AZƏRTAC). Bədən tərbiyəsi və idman günü münasibətilə Milli Parkda idmançıların nümunəvi çıxışları olmuşdur.
Gənclər və idman naziri Azad Rəhimov, Səbail rayon İcra hakimiyyətinin başçısı Sahib Ələkbərov idmançıların çıxışlarını izləmiş, onları bayram münasibətilə təbrik etmişlər.
İdman günü əsl bayram əhval-ruhiyyəsində keçmişdir. Parkda təşkil olunmuş nümunəvi çıxışlarda 1000-dən artıq idmançı iştirak edirdi. Parkda motobol, kapoeyra yarışları təşkil olunmuşdu. Uşaqların isə asfalt üzərində rəsmləri iştirakçılarda böyük maraq doğurmuşdu.
Nazir A. Rəhimov Azərbaycan idmanında xüsusi xidmətləri olmuş veteranlara xatirə hədiyyələri təqdim etdi.
İdmançıların taekvondo, şahmat, dama, cüdo, armrestlinq, boks, karate, uşu, habelə, milli güləş növlərini birləşdirən zorxana və digər idman növləri üzrə çıxışları Milli Parkda istirahət edən əcnəbi qonaqlarda da xoş təəssürat oyatmışdı.
Nazir bir-neçə dəfə gənc şahmatçıları da sınağa çəkdi.
AFFA-nın qurduğu süni örtüklü meydançada isə naziri qurumun baş katibi Elxan Məmmədov və Bakıda səfərdə olan UEFA-nın nümayəndəsi Markus Keller qarşıladılar. Bakıya ilk səfərində gördükləri M.Kellerdə xoş təəssürat oyatmışdı. Qonaq nazirə Azərbaycan idmanına göstərilən qayğıdan məmnun qaldığını söylədi.
Nəhayət, 5 mart - Bədən tərbiyəsi və idman Günü “Yaxt Klub”da təşkil olunmuş ziyafətlə başa çatdı. Tədbirdə çıxış edən nazir Azad Rəhimov idmançıların və idman mütəxəssislərinin təltif edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin Sərəncamını oxudu, mükafatlara layiq görülmüş idman xadimlərini təbrik etdi.
Daha sonra Azərbaycan idmanında xüsusi xidmətləri olmuş veteranlara Gənclər və İdman Nazirliyinin fərmanları təqdim olundu.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə isə əlamətdar gün münasibətilə idman ictimaiyyətinin nümayəndələrini təbrik edərək dedi ki, ümummilli liderin gənclər və idman siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. 5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar bir gündür. Belə ki, 1995-ci ilin həmin günü ulu öndərimiz Heydər Əliyev dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq İdman Fondunu təsis etmişdir.
Ziyafət konsert proqramı ilə davam etmişdir.
######
![]() |
![]() |

