RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev 6 saylı seçki məntəqəsində səs verib VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-ü müstəqil Azərbaycanın tarixinə növbəti bələdiyyə seçkiləri günü kimi daxil olacaq. Həmin gün seçicilər seçki məntəqələrinə gələrək qarşıdakı beş il üçün yerli özünüidarəetmə orqanlarına üzvlüyə layiq bildikləri namizədlərə səs verirdilər.
Seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
6 saylı məntəqə 667 seçicini əhatə edir. Digər seçki məntəqələrində olduğu kimi, burada da səsvermənin normal keçməsi üçün hər şey nəzərə alınmışdı. Müşahidəçilər səsvermənin gedişini izləyirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev seçki bülletenini alaraq səs verdi.
Sonra Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.