Azərbaycan Dövlət İnformasiya Agentliyi

8 gün İtaliyada: Florensiya, Neapol, Roma

Bakı, 19 aprel, AZƏRTAC

“Bir gün-bir şəhər” formatlı sərbəst turların öz qüsurları var. İlk növbədə, şəhərlərarası qatarlara, yaxud avtobuslara, muzey və qalereya, akvapark və attraksion parklarına əvvəlcədən bilet sifariş verməkdə. Heç vaxt bilmirsən təyin olunmuş vaxta mənzil başına çatacaqsan, yoxsa yenə hansısa görməli yerin qarşısında ilişib qalacaqsan. Onda da özündən küs. Belə məsələləri son anda həll etmək lazım gəlir. Bu da o deməkdir ki, ən yaxşı halda qənaət edə bilməyəcəksən, ən pis halda isə məlum olacaq ki, bilet qalmayıb.

Əgər improvizasiya etməyə hazırsınızsa, ruhdan düşən deyilsinizsə və çətinliklərdən qorxmursunuzsa, buyurun, bəxtinizi sınayın! Ola bilsin ki, Florensiyada səhər gəzintisinə çıxdıqdan sonra günün qalan hissəsini Pompeyin xarabalıqlarına tamaşa edə, Neapolda nahar edib Roma Panteonuna gözəl mənzərə açılan restoranda şam yeməyi yeyə biləcəksiniz.

Müxbirimizə bu və digər şeylər nəsib oldu, öz reportajında da hər şeyi danışmağa tələsir.

Brunelleski qübbəsi və füsunkar Neapol

İtaliya səyahətimizin coşqun üç günü arxada qalıb, fotoqrafla birgə baş çəkdiyimiz dörd şəhər - Milan, Komo, Paduya və Abano-Terme və bir yığın təəssüratı “8 gün İtaliyada: Milan, Komo, Paduya və Abano” adlı hekayətimizin birinci hissəsində bölüşdük (bax:).

Abanonun su prosedurlarına başımız qarışdığından Florensiyaya yalnız axşama yaxın gəlib çıxdıq. Yaxşı ki, otel düz mərkəzdə yerləşən vağzaldan çox da uzaqda deyildi, odur ki, əşyalarımızı tələsik otel otağına qoyub dünyaya Leonardo da Vinçi, Mikelancelo, Dante və Qaliley kimi dühaları bəxş edən şəhəri gəzməyə cumduq.

Düz otelin yerləşdiyi meydanda diqqətimizi XIV-XV əsrlərdə tikilmiş Santa-Mariya-Novella məbədinin orijinal binası cəlb etdi. Florensiyada ilk bazilik olan bu məbəd tezliklə şəhərin əsas dominikan kilsəsinə çevrilib. Bina onunla maraq doğurur ki, özündə qotik və İlkin İntibah memarlığı elementlərini birləşdirir və Florensiya üçün səciyyəvi olan üsulda üzlüklənib: tünd və ağ mərmərlə. Bir məhəllə o yanda yerləşən kafedral Santa-Mariya-del-Fyore kilsəsi də eyni üslubda tikilib. O, İlkin İntibah Florensiya memarlığı nümunələri arasında ən məşhurudur.

Yəqin ki, bu, İtaliyada gördüyüm əzəmətli kilsələr sırasında daha möhtəşəmidir. Divarların yaşıl və çəhrayı rənglərin müxtəlif çalarlı, ağ haşiyəli mərmər panellərlə üzlənməsi xüsusi fərqlilik yaradır. Çox gözəldir! Filippo Brunelleskinin nadir layihəsi üzrə yaradılan kilsənin qırmızı qübbəsi sanki bütün şəhərin üzərində qanad çalır və Florensiyanın ən tanınan rəmzidir. Qeyri-adi dərəcədə zərif və eyni zamanda, möhtəşəm kilsə 1296-dan 1436-cı ilədək tikilib və orta əsr memarlığı ənənələrini İntibah dövrünün inşaat prinsiplərindən ayıran özünəməxsus sərhəd olub.

Kilsənin ətrafında həyat qaynayır: hər yerdə fotokameralı turistlər vurnuxur, əldən zirək alverçilər yoldan keçənlərə satdıqları hər cür xırdavatı tərifləyirlər: əsasən selfi çubuqları və xırda suvenirlər. Addımbaşı qarşıya çıxan kafe və restoranların carçıları isə adamları İtaliya mətbəxinin yeməklərini dadmağa dəvət edirlər. Bu qarışıqlıqda kütlənin içindən özümüzə yol açanadək elə bir yağış başladı ki, bir neçə dəqiqədən sonra kilsə meydanı tamamilə boşaldı. Kimi yaxınlıqdakı kafedə, kimi avtobus dayanacaqlarının talvarları altında gizlənirdi, biz isə otelimizə qayıtdıq. Otağın pəncərəsindən yağışın yuduğu gözəl Florensiyanı seyr etdik. Yeri gəlmişkən, bu, Vezuvinin zirvəsində dondurucu yağışı nəzərə almasaq, leysana düşdüyümüz yeganə hal idi, amma bu barədə daha sonra.

Səhər nahar yeməyimizi yeyib tələsik yenidən kilsə meydanına yollandıq və bir daha italiyalı memarların ustalığına heyran qaldıq. Sonra vağzala yollandıq. Ləngimək olmazdı, bir vaxtlar çoxqatlı vulkanik kül altında gömülən antik şəhər Pompeyin qazıntılarına baxmaqdan ötrü Neapolda akkreditasiyadan keçməli idik.

Qatarla üç saatlıq yol və biz ölkənin cənubunda, Kampaniya regionunda, Neapolun mərkəzi vağzalında - İtaliyanın ən koloritli şəhərlərindən birindəyik. Vağzalyanı meydanda Paduyada gördüyümüzdən də çox miqrant, xüsusən zəncilər var. Səki boyu hər yerdə improvizə edilən dükanlarda müxtəlif saxta brend mallar satılır. Deyilənə görə, işsiz miqrantlar neapolitan mafiyasının - Kamorranın xidmətinə keçib, bu əldəqayırma çanta, ayaqqabı və sairi də onların nəfinə satırlar.

Ümumiyyətlə, Neapol çoxdan İtaliyanın ən kriminal yeri kimi ad qazanıb. Bilmirəm bu şayiələr həqiqətə nə dərəcədə uyğundur, amma şəhərdə keçirdiyimiz müddətdə heç bir kriminalyönlü hadisə ilə qarşılaşmadıq. Üstəlik, vağzal ətrafında və ona yaxın alatoran küçələrdə o ki var gəzib dolaşdıq. Bəli, miqrantlar çoxdur, amma Barselonada, Praqada, yaxud elə Romada olduğu qədər yox (buna sonradan şahid olduq). Miqrantların hər biri öz kiçik dünyasında yaşayır, əsasən öz həmvətənləri ilə ünsiyyətdə olur, turistlər isə heç veclərinə deyil. Neapolda bircə şeylə qarşılaşmaq xoşagəlməz idi: vağzalyanı meydanda üskük oynadanlarla. Kəşməkəşli 90-cı illər yadınıza gəlirmi!?

Bəlkə də bəxtimiz gətirdi, amma Neapolu yalnız yaxşı cəhətdən yadda saxladıq. Yeri gəlmişkən, Neapolda turistlər, gözlədiyimizin əksinə, xeyli çox idi. Əslində, bu ədalətlidir, axı burada doğrudan da xeyli görməli yer var. Bircə Pompey və Vezuvi nəyə desən dəyər!

Əşyalarımızdan “xilas olmaq üçün” otelə baş vurandan bir neçə dəqiqə sonra vağzalda idik və Pompeyə yollanmağa hazır idik. Bilərəkdən şəhər vağzallarına ən yaxın otelləri seçməkdə yanılmışdıq. Çünki bu yerlər yüksək kriminal fonu ilə tanınırdı. İtaliyada vağzallar bir qayda olaraq şəhərlərin mərkəzində yerləşir, bu da rahatçılıq yaradır! Piyada gedib çatırsan, əsas görməli yerlər kimi. Vaxtın çoxunu isə biz qatarlarda keçirdik, nəinki otellərdə. Budur növbəti qatar bizi Pompeyə doğru aparır.

 Qatarda sirk, yaxud Pompeyin sirləri

Hərçənd bu qatar hekayətimin əvvəlində yorulmadan təriflədiyim “Freccia”dan tam fərqli idi. Dəmiryolu vağzalından çıxan, çətin tələffüz olunan “Çirkumvizuviana” adlı qatarlar daha çox ağzınadək aborigenlərlə və ara-sıra turistlə dolu hansısa hind filminin rekvizitini xatırladırdı. Bu koloriti dayanacaqların birində vaqona minən qaraçı ailəsi artırırdı. Basa-basa baxmayaraq, ata-qaraçı vaqonun ortasına arabacıq üzərindəki dinamik sürüşdürdü, onu var-gücü ilə işə saldı və hansısa latın amerikan motivi səsləndi və ritmə uyğun qaval döyəclənməyə başladı. Bu zaman azyaşlı qaraçı uşaq əlindəki parçla cərgələrin arası ilə özünə yol açırdı. Bu mərəkə bitdikdə, qaraçılar vaqonu tərk etdikdə fikirləşdim ki, bu italiyalılar əcəb tolerantdırlar. Belə “artist”ləri sonradan Roma metrosunda da müşahidə etdik. Ümid edirəm, bu “dəb” Bakıya gəlib çıxmayacaq.

Nəhayət, Neapoldan Sorrentoya gedən qatar bizi “Pompei Scavi” stansiyasına gətirib çıxardı və biz rahatlanaraq vaqondan endik. Xatırladaq ki, qədim Poma şəhəri Pompey Vezuvinin 79-cu ildəki püskürməsi nəticəsində məhv olub. Bu gün onun qazıntılarının getdiyi yerdə açıq hava muzeyi fəaliyyət göstərir və o, UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib.

Pompey, antik olsa da, şəhərdir və onu bir neçə saat ərzində gəzib-dolaşmaq qeyri-mümkündür. Yaxşı vəziyyətdə qalmış bir çox görməli yerlərə saatlarla baxmaq olar. Buna görə də Pompeyə səyahətə bütöv bir gün ayırmaq gərəkdir. Muzeyin bir neçə giriş-çıxışı var. Biz onlardan birindən - “Porta Milana”dan istifadə etdik, şəhəri tərk edərkən isə başqasından - “Piazza Edesa”dan çıxdıq. İstifadəmizdə olan üç saat ərzində şəhərin ancaq kiçik bir hissəsini seyr edə bildik.

Lakin əminliklə deyə bilərəm ki, bu, bütün səfər boyu İtaliyanın tarixi keçmişinə ən həyəcanlı ekskurs idi. Xəyalən keçmişə dalma effekti yüz faizlidir. Bir neçə min insanın ölümünə səbəb olan faciə şəhəri demək olar ki, dəyişməz halda saxlayıb. Onun küçə və meydanları ilə gəzişib, patrisi saraylarına və sadə sakinlərin evlərinə daxil olanda, siz sanki zaman maşınında iki min il əvvələ gedib çıxırsınız. Məbədlər və termal bulaqlar, mağaza və çörəkxanalar, yeməkxanalar və emalatxanalar hələ də qalmaqdadır. Şəhərin daş döşənmiş küçələrində araba təkərlərinin açdığı cığırları, yolların kənarında, bordürlərdə isə atların yüyənini bağlamaq üçün olan dəlikləri - özünəməxsus qədim “parkinq”i görmək olar. Çoxsaylı içməli su fəvvarələri şəhər sakinlərinin minlərlə toxunuşundan təmizlənib, amfiteatrların divarları isə yəqin ki, hələ də tamaşaçı alqışlarını xatırlayır. Divarlardakı freskalar, məişət əşyaları, əmək alətləri - hər şey o dövrün sakinlərinin həyat tərzi və mədəniyyətindən xəbər verir.

Pompey qazıntıları hələ 1748-ci ildə başlayıb, amma şəhər ərazisinin 20 faizindən çoxu hələ də torpağın altındadır. Burada bu gün də müxtəlif tədqiqatlar və bərpa işləri gedir.

1870-ci ildə arxeoloq Cüzeppe Fiorelli aşkarlayıb ki, vulkanik kül altında qalmış insan və heyvan bədənlərinin yerində boşluqlar yaranıb. Bu boşluqlara gips tökərək püskürmə qurbanlarının ölümqabağı pozalarını bərpa etmək mümkün olub. Bu gün bu dəhşətli “heykəllər” ümumi baxışa qoyulub.

Amma Pompey Vezuvinin məhv etdiyi yeganə şəhər deyil. Bədbəxtliyi Pompeylə bölüşən qonşu Herkulanum və Stabii də tonlarla kül altına gömülüb. İlkin olaraq Pompeylə yanaşı Herkulanumun qazıntılarına da baş çəkmək istəyirdik, lakin bu şəhərlərin miqyaslarını və məhdud vaxt çərçivələrini nəzərə alaraq, təəssüf ki, bunu edə bilmədik. Halbuki dərhal kül altında qalmış Pompeydən fərqli olaraq, Herkulanum əvvəlcə piroklastik axına (lavaya) məruz qalıb. Buna görə də burada yalnız canlı materiallar - parçalar, oduncaq və hətta papirus bükülüləri qalmaqdadır. Pompey, yaxud Herkulanum qazıntılarına baş çəkərkən bələdçi ilə ekskursiyaya görə xərcə düşməkdən çəkinməyin, ya da kassadan audibələdçi götürün (birnəfərlik 6,5 avro, ikinəfərlik və daha çox adama 5 avro), xeyli maraqlı şey öyrənəcəksiniz. Əlavə edim ki, Pompeyə bilet gün ərzində etibarlıdır. Adambaşına 11 avro. Herkulanuma biletin dəyəri də elə bu qədərdir. Pompey-Herkulanum-Stabiiyə 3 günlük vahid bilet də (20 avro) almaq olar.

Pompey qazıntıları zonasından çıxışda çoxlu suvenir dükanları var. Orada hamısı bu kabus şəhərdə keçirilən vaxtı xatırlatmalı olan müxtəlif növ əşyalar almaq olar. Piştaxtalarda lupinariyaların (fahişəxanalar) divarlarında aşkarlanan böyük sayda erotik xarakterli freska təsvirləri olan açıqcaları görmək heç xoş deyildi. Hər tərəfdə ekskursiyaya gətirilən uşaqlar, məktəblilər qaynaşır, burada da ki... Yeri gəlmişkən, bu birmənalı olmayan artefaktların orijinalları Neapol Arxeoloji Muzeyinin “gizli otağında” saxlanılır. Bu muzeyə də baş çəkməyə dəyər. Ən azı ona görə ki, burada qazıntılar zamanı tapılan çoxlu dəyərli tapıntı, o cümlədən Makedoniyalı İsgəndərin III Dara ilə döyüşünü əks etdirən məşhur mozaika seyrə çıxarılıb.

Qərara gəldik ki, Neapolun ətraf yerləri ilə tanışlığı davam etdirək və səhər nəhəng və dəhşətli Vezuvi vulkanının kraterinə qalxaq. Hələliksə təkərlərin taqqıltısı altında bizi Pompeydən uzaqlaşdıran qatarda gərgin gündən sonra kəmərimizin altını harada bərkitmək haqda düşünürdük.

 Ulduz pitsası, yaxud Vezuvinin zirvəsinə toxunmaq

Nabələd şəhərdə “çörəkli yerlər”in axtarışı üçün daha çox sınanmış üsul yerlilərlə dil tapmaqdır. Otelimizin qeydiyyat masası arxasındakı orta yaşlı italiyalı “Neapolun harasında yaxşı pitsa yemək olar” sualına ucadan “Mamma mia, hər yerdə!” deyə cavab verdi. Sonra da sirrini bizimlə bölüşdü. Otelin yaxınlığında düz iki pitseriya var. Orada pitsanı yüz il əvvəl olduğu kimi bişirirlər.

İlk pitseriya - “L`Antica Pizzeria da Michele”ni çətinlik olmadan tapdıq, dəmiryolu vağzalından iki məhəllə o yana idi. Sakitcə içəri keçdik, adam yetərincə çox idi, amma boş yerlər vardı. Az sonra bizə pitseriya işçisi yaxınlaşdı və sifarişi qəbul etdi. “Da Mikele”nin menyusunda pitsanın yalnız iki növü - “marqarita” və “marinara” vardı, bir də kolaya və fantaya bənzər içkilər.

Divarlarda pitseriyanın banilərinin solğun fotoları, qəzet kəsikləri, arada-bərədə burada olmuş məşhurların fotoları: Dieqo Maradona, Culiya Roberts... Elə bu vaxt ağlıma gəldi: paho, bu, Culiya Robertsin iştirakı “Ye, Dua et, Sev” filminin çəkildiyi həmin o pitseriyadır! Bilirəm, o filmə baxmısınız!

“Da Michele” ailə pitseriyası 1870-ci ildən fəaliyyət göstərir və bu günədək ənənələr gözlənilir: nazik xəmiri yaymırlar, havaya atıb əllə çevirirlər, ocaqda odun yandırılır, reseptlər müstəsna olaraq klassikdir. “Marqarita” pitsasına - tomat, motsarella, bazilik və zeytun yağı, “Marinara” isə tomat, sarımsaq, zeytun yağı və oreqano daxildir.

Çoxları deyir ki, buradakı pitsa dünyada ən dadlıdır. Nə deyə bilərəm, dadlıdır, mübahisəyə yer yox. Pitsadan başım elə də çıxmır, onu hərdən bir sifariş edirəm, lakin burada yediyim xoşuma gəldi. İçi də bol, özü də böyük, qiyməti də sevindirir - 4-4,5 avro (şimalda bundan baha idi). Növbəti gün biz yola iki qutu pitsa götürmək üçün yenidən qayıtdıq. Bu dəfə biz tamam başqa mənzərənin şahidi olduq - içəri adamlarla dolmuşdu, iyirmi adam isə girişin qarşısında növbə gözləyirdi. Menecer içəri keçmək istəyənlərə nömrə paylayırdı. Yerlər boşalan kimi adamların yeni dəstəsini içəri buraxırdılar. Xoşbəxtlikdən, pitsanı özü ilə aparmaq istəyənləri növbədənkənar buraxırdılar. Lakin bunun qiyməti baha - 5 avro idi. Bu, yəqin ki, karton qutuya görə idi.

Həmin axşam biz “da Michele”də şam etdikdən sonra digər məşhur “Gino Sorbillo” pitseriyasına getdik. Onun haqqında bizə oteldə danışmışdılar. 1935-ci ildən pitsa bişirilən bu məkanı da asanlıqla tapdıq. İçəri keçmədik, çünki yemək istəmirdik, lakin buranın menyusunda pitsanın altı növünün olması nəzərimizdən qaçmadı.

Siz bilən otelə qayıdan zaman Neapolun dar küçələri ilə tələsmədən gəzərkən gözəçarpmaz küçələrin birində kimi görsək yaxşıdır? “Oryol i Reşka” verilişinin aparıcısı Janna Badoyevanı. Yanında bir qız, ola bilsin ki, prodüserdir və fotokameralarla ətraf binaları, divarları, qraffitiləri, zibil çənlərini lentə alan oğlanlar var idi. Görünür ki, çəkiliş üçün natura seçirdilər. Mənim “Yəqin ki, siz “Oryol i Reşka” verilişinin yeni buraxılışını hazırlayırsınız” sualıma fotoqraf ləngiyərək “Ola bilər”ə oxşayan bir cavab verdi. Janna rus dilini eşidərək döndü, sonra isə addımını sürətləndirdi. Axşamdan keçmişdi və biz qərara aldıq ki, gün ərzində, ehtimal ki, yorulmuş və yoldan keçənlərin diqqətini cəlb etmək istəməyən adamları sorğu-sualla bezdirməyək. Təkcə onu gördük ki, qrup diqqəti cəlb etməyən “Tandem” kafe-bara, ola bilsin ki, yemək üçün, ola da bilsin, verilişin növbəti buraxılışlarından birində yayımlanacaq süjet çəkmək üçün daxil oldu.

Qarşıda bizi gərgin gün gözləyirdi. Səhərdən Vezuvi dağına getmək, sonra isə Romaya - marşrutumuzun final məntəqəsinə qayıtmalı idik. Alaqaranlıqdan Çirkumvizuviana vağzalına yola düşdük. Orada bizi Pompeyə aparmış koloritli qatara əyləşdik, ancaq bu dəfə başqa dayanacaqda - “Ercolano”da (Herkulanum) düşdük.

İnsanlar, əlbəttə ki, Vezuviyə tək deyil, qruplarla gəlirlər və ekskursiya ödənişlidir. “Ercolano” stansiyasında turistik ofis var. Burada arzu edənləri (onlar isə çoxdur) dağın 1000 metr yüksəkliyindəki piyada cığıradək aparan avtobus biletləri (gediş-qayıdış 10 avro) satılır. Cığırdan kraterə qədər 200 metrdən çox yolu özün qət etməlisən. Vezuvi təbiət qoruğunadək təxminən yarım saatlıq avtomobil yolu meyvə bağlarının, üzümlüyün və şam meşəsinin uzandığı mənzərəli yerlərdən keçir.

Qeyd etmək lazımdır ki, Vezuvi bu gün də kontinental Avropada fəaliyyətdə olan yeganə vulkandır və olduqca təhlükəlidir. Püskürdükdən sonra Pompeyi dağıtmış vulkan digər çoxsaylı qurbanlara da səbəb olub. Məsələn, 1805-ci ildə Vezuvinin püskürməsi nəticəsində Neapolun böyük hissəsi dağılıb, təxminən 26 min insan məhv olub. Vulkanın son tarixi püskürməsi 1944-cü ildə baş verib və yenə də çoxlu insan tələfatına səbəb olub. Bu gün vulkanın şimal-qərb yamacında 600 metr hündürlükdə vulkanoloji rəsədxana yerləşir.

Piyada cığırına düşdükdən sonra ekskursantlara bir saat vaxt verilir. Bu, kraterə qalxmaq və avtobusa qayıtmaq üçün kifayətdir. Nəhəng Vezuvi vulkanının görkəmi, əlbəttə, tamaşaçılarda güclü təəssürat oyadır. Vulkanın sönmədiyini göstərən tüstünün necə burulduğunu görmək olar.

Dağın başı Neapoldan soyuqdur, külək əsir, yağış çiləyir, ona görə də bura gələndə isti geyinin. Lakin yuxarıdan Neapol, Herkulanum, Pompey və digər tarixi və müasir yerlərlə açılan cəlbedici mənzərəni görmək xatirinə bura qalxmağına dəyər.

Dağa qalxdıqdan sonra titrəyə-titrəyə, lakin sevinclə Neapola dönürük, komfortlu “freççia” bizi oradan Əbədi şəhərə aparacaq.

Roma tətilləri: Kolizey, espresso və dondurma

Roma bizi əla hava və turist izdihamı ilə qarşıladı. Axır ki, çiyində çanta ilə qatarı dəyişərək heç yerə tələsmək lazım deyil. Romada səyahətimizin üç final gecəsini qalacaqdıq.

Əlbəttə ki, birinci olaraq Kolizeyə yönəldik. Başqa necə ola bilərdi?! Şəhər vağzalları ərazisində otel seçmək ənənəsi burada da dadımıza yetişdi. Romanın mərkəzi Termini vağzalından Kolizeyədək piyada 15 dəqiqəyə çatmaq olar.

Kolizey 50 min adamlıq tutumu ilə bütün antik dünyanın ən böyük amfiteatrıdır. 1349-cu ildə Romada güclü zəlzələ nəticəsində tikilinin bir hissəsinin dağılmasına baxmayaraq, bu gün də görkəmi ilə adamı heyrətləndirir. Amfiteatrın tikintisi eramızın təxminən 70-72-ci illərində Flavi sülaləsi tərəfindən başlanıb və 8 ildən sonra Titin dövründə başa çatıb. Bu monument biz onu görən vəziyyətdə, yəni axşam işıqlarının şöləsi altında xüsusilə gözəldir. Əlbəttə, nə vaxtsa ağ travertin plitələrlə üzlənmiş Kolizey bu gün bir o qədər də ehtişamlı görünmür, lakin keçmiş əzəmətin bir hissəsini qaytarmağa çalışırlar. 2013-cü ilin yayından bu günədək amfiteatr metal pilləkənlərlə əhatə olunub. Roma administrasiyası binanı bərpa edir və gələn il başa çatdıracağını vəd edir. Maraqlıdır ki, işlərin sponsoru İtaliyanın ayaqqabı, çanta və aksessuar istehsal edən “Tod's Group” şirkətidir. Şirkət binanın bərpasına 25 milyon avro ayırıb. İşlərdə Bərpaçılıq İnstitutu tərəfindən bəyənilmiş smoq və çirki su buxarı ilə təmizləmə metodundan istifadə edilir. Bundan başqa, şimal və cənub fasadların tağları, qalereyalar, yeraltı tikililər bərpa edilir. Bərpadan sonra tamaşaçılar üçün meydan 25 faiz genişlənəcək. Kompleks bu gün də açıqdır, lakin buraya bilet kassaları işləyən zaman gəlmək lazımdır.

Əgər Kolizeydən 100 metr aralansan, Qədim Roma xarabalıqlarını görmək olar. Hər şeydən əvvəl, bu Roma forumu və ya meydanı və onun yanında olan məbədlər, tağlar, bazilika və s. tikililərdir. Onlara portikin üstündən də tamaşa etmək olar, habelə aşağı düşmək və dağılmış imperiyanın xarabalıqlarını gəzmək olar. Yeri gəlmişkən, Kolizeyə giriş bileti Roma forumunda da qüvvədədir.

Forumda gəzərək siz hiss olunmadan Venesiya meydanına çıxacaqsınız. Meydanın adı bu ərazidə yerləşən eyniadlı sarayla bağlıdır. Lakin meydanın ən görkəmli yeri Vittoriano abidəsidir. Bu ad birləşmiş İtaliyanın ilk kralı II Viktor Emanuelin şərəfinə qoyulub. 1885-1935-ci illərdə tikişmiş bu təmtəraqlı kompleks Qədim Roma memarlığı ruhundadır, kompleksə kralın at üstündə 12 metrlik heykəli də daxildir.

Venesiya meydanından mərkəzi küçələr - Viktor Emmanul prospekti, Dörd noyabr, Via del Korso küçələri, şəhər əhalisinin və turistlərin gəzdikləri digər məşhur küçələr ayrılır. Meydanın ətrafını gəzərək qədim və müasir görməli yerlərə baş çəkmək olar. Məsələn, eramızın 126-cı ilində tikilmiş məşhur Panteona piyada bir neçə dəqiqəyə çatmaq olar.

Mən haqqında eşitdiyim “Sant Eustachio” qəhvəxanasını tapmağı yaddan çıxarmadım. Bu qəhvəxananı hər bir romalı və İtaliyanın paytaxtına gələn turistlərin çoxu tanıyır. Niyə də tanımasınlar, qəhvəxana 1938-ci ildən işləyir və buraya xeyli məşhur adamlar gəlib. Məsələn, keçən əsrdə ABŞ-ın dövlət katibi Henri Kissincer bura ətirli və tünd qəhvə içmək üçün gəlib. Deyildiyi kimi, qəhvəxanada bu gün də şəhərin ən dadlı qəhvələrindən biri verilir. Bəs necə - espresso çox gözəldir! Belə qatı və hündür köpük heç vaxt görməmişəm - onu qaşıqla yemək mümkün idi! Belə yerdə yola yarım kilo təzə qızardılmış dənəvər qəhvəni necə almayasan?!

Mən digər məşhur "Gelateria Della Palma" kafe-dondurma yerinə gedərək yerli təamları dadmağı davam etdirməyi qərara aldım. Bu yer müştəriyə seçmək üçün 150 növ soyuq təam təklif edilməsi ilə məşhurdur. Püstəli və qaymaqlı dondurma çox gözəl idi.

Qurman zövqündən alış-veriş məsələlərinə keçək. Mənə getdiyim bu və ya digər ölkənin brendləri ilə tanış olmaq həmişə maraqlıdır. Elə Romada da Panteon ərazisində “Laura Tonatto” kiçik parfümeriya butiki gördüm. Məlum oldu ki, Laura Tonatto təkcə İtaliya ticarət evinin deyil, həm də dünyanın ən məşhur parfyumer qadınlarından birinin adıdır. O, Qras və Misirin ən nüfuzlu ətriyyat universitetlərindən birində təhsil alıb. Laura Tonatto selektiv brendi 2001-ci ildə yaradılıb, həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulub. Butikin müdiri dedi ki, onlar Qrasın ən yaxşı təbii cövhərlərindən istifadə edir və onu İtaliyada əllə emal edir və qablaşdırırlar. Mənim diqqətimi ərəb bazarı üçün hazırlanmış şərq aqar ətirləri (Misir məktəbi təsirini göstərir) cəlb etdi.

Növbəti gün İtaliya paytaxtının ən böyük ticarət mərkəzlərindən birində - üç yüzədək məşhur və bir o qədər də tanınmayan firmaların mağaza və butikləri olan Euroma2-də olduq. Azərbaycanda təmsil olunmayan brendlər sırasında “B ltd”, “Hermitage”, “Piazza Italia”, “Doppelganger”, “Dan John”u qeyd etmək olar.

Ticarət mərkəzinin aşağı mərtəbəsində hipermarketdə cəlbedici qiymətlərə italyan şokoladı, spaqetti və ona tökməyə sous, zeytun yağı, pendir və digər məhsullar almaq olar.

Son söz əvəzi və ya onların adətləri

Əlavə edək ki, Romada biz Vatikana da baş çəkdik və Müqəddəs Pyotr Kilsəsinə gedə bildik. Bura giriş pulsuzdur. Deyirlər, burada növbə kilometrlərlə olur. Lakin görünür ki, bizim bəxtimiz gətirdi, kiçik növbə on beş dəqiqəyə “yox oldu” - bu mövsümarası səyahətlərin üstünlüyüdür.

Romanın digər görməli yerləri - İspan pilləkəni və Trevi fəvvarəsi 2015-ci ilin noyabrınadək bərpa üçün bağlı idi. Lakin bu, Trevi fəvvarəsinə qəpiklər atmağa mane olmadı. Artıq bir neçə gündən sonra - noyabrın 5-də Romanın ən böyük fəvvarəsi - hündürlüyü 25,9 metr və eni 19,8 metr olan fəvvarə öz gözəlliyi ilə şəhərlilərin “ixtiyarında” idi.

İtaliyalıların özləri haqqında da bir neçə kəlmə demək istəyirəm. Müşahidələrimə görə, onlar çox səmimi və xeyirxah adamlardır. Həmişə gülərüz və qayğıkeşdirlər, sizi səbirlə dinləyəcəklər və turistin bu və ya digər sualına cavab verəcəklər.

İtaliyalıların məzəli cəhətlərini də gördük. Məsələn, kişilər xoşladığı musiqini fitlə səsləndirməyi sevirlər. Əgər bizdə çox mahnı oxuyurlarsa, burada çox fit çalırlar - dayanacaqda, avtobus sükanı arxasında, bir sözlə harada gəldi.

İtaliyada adam içində burnunu silmək də eyib sayılmır. Biz dəfələrlə nəzakətli kişi və qadının nəqliyyatda, mağazada və digər ictimai yerdə ucadan fınxırdığını gördük. Daha bilmirəm, bu təsadüfdür, ya milli xüsusiyyətdir.

Digər müşahidələrdən: italyanlar iti çox sevir, özü də bir deyil, birdən bir neçəsini və müxtəlif cinsdən saxlayırlar. Şəhərin küçələrində çixuaxadan tutmuş çoban itinədək rast gəlmək olar. Gigiyena məsələsində isə hər şey əladır: it sahibləri heyvanların zibillərini atmaq üçün özləri ilə torba gəzdirirlər.

Bir sözlə, İtaliyaya gəlin və özünüz üçün daha çox maraqlı şeylər kəşf edəcəksiniz! Lakin bütün İtaliyanı yeddi-səkkiz günə görməyə cəhd etməyin. Bu, yemək yox, barmaqlamaq olacaq. İtaliyanın hər şəhərində olmaq üçün ən azı üç-dörd gün, Roma üçün isə bir həftə bəs etməz. İtaliyaya dəfələrlə qayıtmağına dəyər və o zaman, ola bilsin ki, ölkə sizə öz sirlərinin az bir hissəsini açar.

Emil Eyyubov

məxsusi olaraq AZƏRTAC üçün

Turizm üzrə İtaliya Milli Agentliyinin Moskva Nümayəndəliyinə köməyinə görə təşəkkür edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlığında yeni mərhələ - ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq