REGİONLAR


Bərdədə müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanılıb VİDEO

Bərdə, 17 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Bərdədə dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Bərdə Olimpiya İdman Kompleksində təşkil olunan və 5 gün davam edəcək qiymətləndirmədə Bərdə ilə yanaşı Ağdam, Füzuli, Tərtər, Beyləqan, Laçın, Kəlbəcər, Xocavənd və Cəbrayıl rayonlarının dövlət ümumtəhsil müəssisələrində çalışan 10 mindən çox müəllim iştirak edəcək. Kompleksin idman zalında 500 nəfərin imtahan verməsi üçün lazımi şərait yaradılıb.

Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov AZƏRTAC-a bildirib ki, diaqnostik qiymətləndirmə imtahanları elektron proqram təminatı vasitəsilə həyata keçirilir. Müəllimlərin sualları cavablandırarkən seçdikləri cavabları dəyişmək, imtahanın vaxtını monitorda izləmək, ekrandakı elektron kalkulyatordan istifadə etmək imkanları var.

Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları 90 dəqiqə ərzində aparılır. Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı təqdim edilib. Hər bir düzgün cavab 1 balla qiymətləndirilir.

Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab verən müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar. Keçid balını toplamayan, eləcə də aşağı bal toplayan müəllimlər növbəti diaqnostik qiymətləndirmə imtahanlarında iştirak edə biləcəklər.

Qeyd edək ki, cari ilin aprel-may aylarında ölkəmizin 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.