REGİONLAR


Dünyasını dəyişən ədliyyə general-mayoru Oqtay Maqsudov doğulduğu Göyçayda torpağa tapşırılıb

Göyçay, 16 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş hakimi, ədliyyə general-mayoru, Əməkdar hüquqşünas Oqtay Maqsudov vəfat edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 81 yaşında dünyasını dəyişən Oqtay Maqsudovun cənazəsi mayın 16-da doğulduğu Göyçay şəhərinə gətirilərək Fəxri xiyabanda torpağa tapşırılıb. Dəfn mərasimində Ədliyyə Nazirliyinin əməkdaşları, Milli Məclisin deputatları, məhkəmə işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, mərhumun ailə üzvləri, yaxınları iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Milli Məclisin deputatı Elxan Süleymanov, mərhumun yeznəsi, yazıçı Şahin Fazil çıxış edərək ədliyyə general-mayoru Oqtay Maqsudovun həyat və fəaliyyəti barədə danışıblar. Bildirilib ki, Oqtay Maqsudov 1937-ci ildə Göyçay şəhərində görkəmli ziyalı Maqsud Maqsudovun ailəsində anadan olub. Oqtay Maqsudov 1962-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Azərbaycan Respublikasının Ali Məhkəməsində, bir neçə rayonun prokurorluğunda çalışıb, məhkəmələrin hakimi vəzifəsində işləyib.

Qeyd edilib ki, Oqtay Maqsudov 1995-ci ildə Ali Məhkəmənin sədr müavini, hərbi kollegiyanin sədri seçilib. O, 2000-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləyib. 2010-cu il iyulun 2-də Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq təntənəli təqaüdə yola salınıb.

Mərasim iştirakçıları Oqtay Maqsudovla bağlı xatirələrini bölüşüb, mərhuma Allahdan rəhmət diləyiblər. Dəfndən sonra ehsan verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.